Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Uşaqlara qarşı zorakılığa son qoyulması: Avropa Şurasının Davamlı İnkişaf Məqsədlərinə töhfəsi” adlı qətnamə qəbul edib. 

“Report”un Fransa bürosunun məlumatına görə, sənəddə uşaqlara qarşı zorakılığa son qoyulması üçün qanunlara, müvafiq icra orqanlarına, həmçinin davranışlara dəyişikliklər edilməsinin zəruriliyi bildirilib. 

Assambleya üzv ölkələrə uşaqlara qarşı zorakılıqla mübarizənin effektivliyinə zəmanət verən lazımi strukturlar yaratmağı, maliyyə və vəsaitləri artırmağı tövsiyə edib.

Qətnamədə vurğulanıb ki, Davamlı İnkişaf Məqsədlərinin 16.2 saylı bəndi (uşaqlara qarşı pis rəftara, onların istismarına, uşaqlara qarşı zorakılığın bütün formalarına və işgəncələrə son qoyulması) dövlətlərin siyasətlərinin prioritet məsələsinə çevrilməlidir.

Qeyd edək ki, hər il dünyada uşaqların yarısı zorakılıq qurbanı olur. Bunun da iqtisadi zərəri dövlətlərə ÜDM-in 8 faizinə başa gəlir.