Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunları 2020-ci ilin avqustunda Kazanda keçiriləcək.

Bu barədə məlumatı Tatarıstan İdman Nazirliyi yayıb.

RF İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunacaq yarışlar 2020-ci il avqustun 20-27-də keçiriləcək. Kazan 2 mindən çox idmançı və 600 rəsmi şəxsi qəbul edəcək.

Oyunlar Tatarıstan paytaxtında keçiriləndən sonra ənənəvi olacaq və hər iki ildən bir MDB ölkələrindən birində keçiriləcək.

MDB Oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də oyunlara dəvət edə bilər. 

Oyunların proqramına cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma, yüngül atletika və basketbol (3×3) kimi idman növləri daxil edilib.