Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.