AzEuroNews.com  ► “Son illərdə ölkəmizdə bir sıra sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişafın getməsi göz qabağındadır”. Bu barədə “Ege Hospital” dan AzEuroNews.com – a verilən məlumatda deyilir.
Məlumatda vurğulanır ki, xüsusilə, səhiyyə idarəetmə sistemləri, maddi-tibbi bazanın yaxşılaşdırılması və ixtisaslı kadr siyasəti bunu deməyə imkan verir. Bu gün tibbi-elmi mövzuda bir çox ölkələrdə o cümlədəndə bizim ölkəmizdə beynəlxalq tədbirlər keçirilir. Bu günlərdə ABŞ-ın Florida ştatının Orlando şəhərində beynəlxalq kardioloji konfrans keçirilib. Konfransda Azərbaycan oturumu təşkil olunub.
Konfransda Azərbaycandan bir sıra kardioloqlar, o cümlədən “Ege Hospital” ın baş direktoru, tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzoyev də həm iştirakçı, həm də məruzəçi kimi iştirak edib.

Ülvi Mirzoyevin məruzəsi böyük maraqla qarşılanıb.
Ü. Mirzoyev çıxışı zamanı bildirib ki, tibbin bir çox sahələri, xüsusilə də, kardiologiya ABŞ, Avropa səviyyəsindədir: “Bu gün dünyada elə bir ürək əməliyyatı yoxdur ki, ölkəmizdə icra olunmasın. Sevindirici haldır ki, yerli mütəxəssislərimiz beynəlxalq aləmdə öz bilik təcrübələri ilə həm ölkəmizi, həm də bir mütəxəssis kimi özlərini tanıtdırırlar”.