AzEuroNews.com  ► Bakının Nərimanov rayonunda bir neçə yaşayış binasının söküntüsünə başlanılıb. AzEuroNews.com xəbər verir ki, icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstərişinə uyğun aparılan söküntü işlərində yenə də heç bir təhlükəsizlik normaları gözlənilmir. 

Belə bir hadisə bu gün də qeydə alınıb. Belə ki, “Keşlə bazarı” kimi tanınan bazara yaxın bir yaşayış binasının söküntüsü zamanı binada qəfil uçqun baş verib. Xoşbəxtlikdən xəsarət alan olmasa da, ətrafı toz-duman bürüyüb. 

AzEuroNews.coma şikayətlənən sakinlər bildiriblər ki, dəfələrlə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun müavinin Şahmar İbadova yazılı şəkildə müraciət edərək, söküntü prosesi zamanı ərazinin hasarlanmasını tələb ediblər. 


 Abdin Fərzəliyev / Foto © AzEuroNews.com 

Sakinlərə görə, binadan söküntünün olmadığı gecə saatlarında belə daş və beton qırıntıları qoparaq yola tökülür. Bu da, həm ərazidə yaşayanlar, həm də yoldan keçən avtomobillər üçün təhlükəlidir. 

Mövzu ilə bağlı Nərimov Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratsaq da, suallarımız cavabsız qaldı.