AzEuroNews.com / Berlin ➤ Almaniyanın paytaxtı Berlində mühacirətdə olan İran vətəndaşları etiraz yürüşü keçirib. AzEuroNews.com xəbərverir ki, yürüş aksiyası Berlinin məşhur “Bradenburq” qapılarının önündən başlayıb.

Aksiyaya təkcə Almaniya yox, Avropanın müxtəlif ölkələrində yaşayan İran vətəndaşları qatılıblar.

Yürüş askiyasında İran İslam Respublikasının ali dini lideri Əli Xamenei və prezident Həsən Ruhani əleyhinə müxtəlif şüarlar səsləndirilib.

Aksiya iştirakçıları bildiriblər ki, onlar molla rejiminin hökm sürdüyü bir ölkədə yaşamaq istəmirlər. Azadlıqların olduğu demokratik bir İran istədiklərini deyən yürüş iştirakçıları Avropa dövlətlərindən İran hakimiyyətinə qarşı təzyiq edilməsini tələb ediblər.

Yürüş aksiyasında İran vətəndaşı olan həmvətənlərimiz də iştirak edib. Bu barədə AzEuroNews.com-a məlumat verən Tahirə İmani bildirib ki, hər keçən gün İran həbsxanalarına düşən siyasi məhbusların sayı artır: “Təəsüf ki, dünya ölkələri bunu görmür. İranda insanlarımız doğru sözü dediklərinə görə, asılır, ən yaxşı halda müxtəlif ağır işgəncələrə məruz qalırlar. İrandakı hakimiyyət zülmündən qaçıb Avropa ölkələrinə sığınan vətəndaşlarımızın sayı gündən-günə artır. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) statistik məlumatına baxsanız, görəcəksiniz ki, sığınacaq istəyən İran vətəndaşları həmişə ikinci və ya üçüncü yerdədir. Biz bu gün keçirdiyimiz yürüş mitinqində İran həbsxanalarında yatan yüzlərlə aydın insanımıza azadlıq tələb etdik. İran hakimiyyəti onları dərhal azadlığa buraxmalıdır”.

Yürüş aksiyası Berlinin mərkəzi küçələri boyunca davam edib.