Seks işçiləri bələdiyyə sədrinin fikirlərinə qarşıdır

Niderlandın paytaxtı Amsterdamın ilk qadın bələdiyyə başçısı Femke Halsemanın Qırmızı fənərlər küçəsində və ətrafındakı evlərin bağlanması təklifi seks işçilərinin narazılığına səbəb olub, – BBC xəbər verir.

Seks işçilərinin 90 faizi həmin evlərin bağlanmasına və ya daşınmasına qarşı çıxır. Bölgədəki iş adamları da bələdiyyənin planına qarşıdır.

Ölkədəki ən böyük sol partiya olan Yaşılların əvvəlki lideri Halsema insan alveri və qadınların istismarının qarşısını almaq üçün 4 təklif irəli sürüb. Çərşənbə günü açıqlanan təkliflərə Qırmızı fənərlər küçəsindəki seks evlərinin vitrinlərinin qapanması, onların başqa bir bölgəyə daşınması, bu evlərin tamamilə qapanması, seks işçilərinə verilən lisenziyanın sayının artırılması daxildir.

Bölgədəki seks işçilərinin haqlarını qoruyan Qırmızı İşıq Birliyinin araşdırmasına görə çalışanlar evlərin daşınmasına isti yanaşmır. Araşdırmaya qatılan 170 seks işçisinin 90 faizi Qırmızı fənərlər küçəsində qalıb işləmək istədiyini bildirib. Hətta onlar küçədə daha artıq vitrin açılmasını tələb ediblər.

Seks işçilərinin qurduğu bir başqa dərnək “Proud”un sözcüsü Foksi (Foxxy) bələdiyyə sədrinin seks evlərini bağlama təklifinə “həyatı boyu olmaz” qarşılığını verib.

Özü də seks işçiliyi edən Foxxy Amsterdamda yayımlanan “Het Parool” qəzetinə verdiyi açıqlamada daşınma və ya bağlamanın məsələnin həlli olmadığını qeyd edib.

“Proud” dərnəyinin sözcüsü də açıqlamasında deyib: “Seks işçisi də insan və işə ehtiyacı var. Burdan getsək, müştərilər bizi necə tapacaq? Bələdiyyə rəhbəri müştərilər üçün avtobus səfərləri təşkil edəcəkmi?”

Qırmızı fənərlər küçəsindəki seks işçilərinin bilərək və istəyərək bu məsələni seçdiklərini qeyd edən Foksiyə görə “hər şey olduğu kimi qalmalıdır”.

 © Meydan TV