Hacı Əkbər Rüstəmov / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Bonn ► “Belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Çox sevinirəm ki, artıq Avropada da Azərbaycanın haqq səsini duyurmaq üçün yığışıb belə hərəkat yaradırlar”. Bunu AzEuroNews.com-a ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərindəki nümayəndəliyi qarşısında keçirilən Qarabağ aksiyasına qatılmaq üçün Bakıdan gələn keçmiş döyüşçü, şəhid atası Hacı Əkbər Rüstəmov söyləyib. 

Onun sözlərinə görə, bura toplaşanların BMT-dən tələbi odur ki, özü verdiyi qərarların icrasını təmin etsin: “BMT qətnamələrində də nəzərdə tutulub ki, Ermənistan silahlı qüvvələri qeyri şərtsiz Azərbaycan topraqlarından çıxmalıdır. Bura gələndə bir yanmış kilsəni gördüm. Mənə dedilər ki, kilsə İkinci Dünya Müharibəsi zamanı yanıb. Ermənilər Qarabağda daşı-daş üstə qoymayıblar. Erməni vandalları ata-babalarımızın yurd yerləri ilə yanaşı, tarixi abidlərimizi də dağıdıblar. Ağdamda məscidləri yerlə-yeksan ediblər. Bu insanlardan yaxşı nəsə gözləmək olmaz”. 

Hacı Əkbər Rüstəmov deyib ki, BMT-nin Azərbayana dəstəyini istəyirik: “Verdikləri qətnamələrin icrasını təmin etməlidirlər. BMT Ermənistana təsir etməli, bu ölkəyə kömək edənlərə birdəfəlik yox deməlidir”.