İlham Kərimov

AzEuroNews.com  “Dayım oğlu İlham Kərimovun 25 ildir itkin düşməsi ilə bağlı məlumat saytınızda gedəndən sonra Almaniyadakı Azərbaycan Konsulluğundan zəng vurdular. Biz bildirdilər ki, rəsmi şəkildə yazılı formada müraciət edin”. Bunun AzEuroNews.com– a açıqlamasında Mingəçevir sakini Ülviyyə Əhmədova söyləyib.  Konsulluq işçisi onlardan paralel olaraq Almaniyanın Azərbaycandakı səfirliyinə rəsmi şəkildə müraciət edilmələrini xahiş edib və bu istiqamətdə onlara kömək edəcəklərini bildiriblər. 

Məlumat üçün bildirək ki, ötən gün Almaniyada 25 ildir itkin düşən azərbaycanlının yaxınları saytımız vasitəsi ilə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənova müraciət edərək İlham Kərimovun axtarımasında onlara kömək edilməsini xahiş ediblər. 

Ramin Həsənov

Xatırladaq ki, 26 il əvvəl Almaniyaya işləmək adı ilə gələn Kərimov İlham İslam oğlu ailəsi tərəfindən axtarılır. AzEuroNews.com-a müraciət edən itkin düşmüş şəxsin bibisi qızı Ülviyyə Əhmədovanın sözlərinə görə, İ.Kərimov 93-cü ildə Almaniyaya gedib, Vuppertal şəhərində yaşayıb.

“Dayım oğlu 1972-ci ildə Mingəçevirdə anadan olub. 93-cü ildə işləmək üçün Almaniyaya getdi. 94-cü ilə qədər xəbərləşmişik. Orda Vuppertal şəhərində yaşayırdı. Yanından gələn adamlardan təkcə bir şəkil göndərib. Daha sonra nə zəng vurub, nə də məktub yazıb. Artıq 25 ildir ki, ondan xəbərimiz yoxdur. Azərbaycandan gedəndə subay idi, indi bilmirik ailəlidir, ya yox”.

Onun sözlərinə görə, Almaniya Qırmızı Xaç Cəmiyyətinə məktub yazsalar da, İ.Kərimovun yaşadığı ünvanı bilmədiklərindən sözügedən cəmiyyət onlara kömək edə bilməyib.

Ülviyyə Əhmədova sayıtmız vasitəsi ilə dayısı oğlu İlham Kərimovu görən və tanıyanlardan +994 50 599 05 00 və +994 55 614 44 43 nömrələrinə zəng və ya Whatsapp vasitəsi ilə məlumat vermələrini xahiş edir.