AzEuroNews.com ► Almaniyada yaşayan azərbaycanlılar üzləşdiyi haqsızlığa görə intihar edən 40 yaşlı Humay Məmmədovaya görə etiraz aksiyası keçirib. AzEuroNews.com xəbər verir ki, onlarla azərbaycanlının işirakı ilə keçirilən etiraz aksiyası Deggendorf şəhərində baş tutub. Aksiya iştirakçıları əllərində mərhum Humay Məmmədovanın şəkilləri olan plakatlarla qaçqınlara göstərilən münasibətə öz etirazlarını bildiriblər. 

Etiraz aksiyası yerli “Niederbayern” televizyası tərəfindən də işıqlandırılıb. Sözügedən kanala müsahibə verən hazırda Almaniyada mühacirət həyatı yaşayan jurnalist Azər Kazımzadə qeyd edib ki, Deggendorfda qaçqınlara ögey münasibət göstərirlər.

“Burda ağrı xəstə vəziyyətində olan insanlar var. Qadınlar, uşaqlar… Qalıblar Sosial İdarəsi ilə xəstəxananın arasında. Konkret olaraq deyirlər ki,  siz qaçqınsınız, sizin heç bir şansınız yoxdur. Ölsəniz də, sizi ölkənizə qaytaracağıq”– deyə A.Kazımzadə bildirib. 

Xatırladaq ki, ötən gün Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqın düşərgəsində intihar hadisəsi baş verib. Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət götərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə,  qaçqın kampında yaşayan Məmmədova Humay dərman içməklə özünə qəsd edib. 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, ötən gün xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadının intiharına ilkin səbəb kimi “Dublin” qərarının obyektiv araşdırılmaması olub. 

H. Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib. 
Ə.Əliyevin sözlərinə görə, bu gün başqa bir azərbaycanlı xanım da Berlində özünə  qəsd edib. O, hazırda xəstəxanadadır. 

Hüquşünasın sözlərinə görə, bu son 10 gündə Almaniyada üçüncü intihara cəhd hadisəsidir. 

Məlumata görə, Humay Məmmədova 1979-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbçi kimi çalışıb və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.