Akif Nağı

AzEuroNews.com /Bonn ►  “Qarabağımızın bu günə qədər işğal altında qalması hər kəsi narahat edir. Elə bir adam tapmazsan ki, Qarabağın erməni işğalında olması onu üzməsin. Ən dözülməz sual və əhval-ruhiyyə odur ki, bu işğal nə vaxta qədər davam edəcək? Artıq 26-27 il keçir”. Bunu AzEuroNews.com –a açıqlamasında BMT-nin Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında keçirilən aksiyaya Bakıdan qatılan Qarabağ Azadlıq Hərəkatının (QAT) sədri Akif Nağı söyləyib. 

“Ola bilər ki, kimsə Qarabağla bağlı aksiyanı gərəksiz hesab eləsin. Biz QAT olaraq hər zaman demişik ki, torpaqlarımızın işğaldan azad olunması üçün ən vacib məsələ təşkilatlanmaqdır. 90-cı illərin əvvələrində düzgün təşkilatlana bilməmişdik. Proseslər yanlış istiqamətdə getmişdi. Ona görə biz olanların qarşısını ala bilmədik”– deyə A.Nağı söyləyib.

QAT sədrinin sözlərinə görə, bu gün də bizlər təşkilatlana bilmirik: “Təşkilatlanmamız çox zəifdir. İstər aksiya, istər zal tədbiri, istərsə də yürüş keçirilsin, fərqi yoxdur, onların hamısı o cümlədən, BMT qarşısında keçirdiyimiz bu aksiya bizim təşkilatanmağımıza xidmət edir. Məqsəd ondan ibarətdir ki, Qarabağ naminə düşünən, ağıllı və fədakar insanlar bir araya gəlsinlər. Yorulmadan bu cür tədbirlər keçirməliyik. Bəzən kənardan deyirlər ki, nə qədər tədbir keçirmək olar? Nə qədər danışmaq olar? Ölənə qədər danışmalıyıq. Ölənə qədər fəaliyyət göstərib, hərəkət etməliyik. Nəticəsi mütləq olacaq”.

A.Nağı bildirib ki, düşmənin istəyi bizim sakitləşməyimizdir : “Ola bilər ki, bizim BMT qarşısında keçirdiyimiz bu aksiya kiməsə kiçik həcmli gəlsin. Amma mən hesab edirəm ki, BMT, digər beynəlxalq təşkilatlar, ermənilər bu aksiyaya baxırlar və narahatdırlar. Torpağın indiyə kimi işğal altında qalmasının bir neçə səbəbi var. Onlardan birincisi hakimiyyətdir ki, indiyə kimi istənilən hərəkəti edə bilməyib. Ordunu yaradıb, yaxşıdır. Silah-sursatı var, hazırlığı yüksək səviyyədədir. Xarici ekspertlər, qurumların verdiyi rəyə görə, Azərbaycan Ordusu ən yaxşı döyüşən orduların sırasındadır. Yaxşıdır bu, yaxşıya yaxşı demək lazımdır. Amma bu ordu işə düşməlidir. Bu ordunun işə düşməməsinin günahı Azərbaycan hakimiyyətindədir. Eyni zamanda məsuliyyət Azərbaycan cəmiyyətininin və bu cəmiyyəti təşkil edən partiyaların üzərinə düşür. Qərblə bağlıdır, şərqlə bağlıdır, fərq etmir. Bütün partiyalar yekdilliklə torpaqların azad olunmasını tələb etməlidir. Deməli, cəmiyyətin də günahı var, biz fərdlərin də günahı var”.

Qat sədri bildirib ki, daha çox fədakar olsaq və çalışsaq torpaqlarımız işğaldan azad olunacaq: “Özü də hökmən olacaq, proses ona doğru gedir”.