Əlövsət Əliyev / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Əlövsət Əliyev : “Dublin” probleminin bünövrəsi Azərbaycanda qoyulur”


Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyevin AzEuroNews.com-a müsahibəsi:

  • Əlövsət bəy, azərbaycanlılar Avropada niyə intihar edirlər? 
  • Avropada intihar edən təkcə Azərbaycan vətəndaşları deyil. Məsələn, ötən gün Düsseldorfda bir əcnəbi özünü qatarın altına atıb. Eyni zamanda Almaniyanın öz vətəndaşları, başqa Avropa İttifaqı ölkələrinin vətəndaşları da intihar edirlər. Mən hesab etmirəm ki, Avropada intihar edən Azərbaycan vətəndaşlarının sayı artıb. Sadəcə olaraq Avropada yaşayan azərbaycanlıların sayı artıb. Təkcə Almaniyada 200 min Azərbaycan vətəndaşı yaşayırsa, təbii ki, onların arasında ölüm, intihar, özünə qəsd kimi hadisələr də olacaq. Bu təbii olan bir şeydir. Sadəcə olaraq kütləvi informasiya vasitələri, sosial şəbəkələr imkan vermir ki, bu cür hadisələr qapalı, gizli qalsın. İnsanlar baş vermiş hadisələr barəsində dərhal məlumat əldə edə bilirlər. Ona görə bu tip məlumatlar artmaqda davam edir. Azərbaycan vətəndaşlarının iştirakı ilə baş verən hadisələrinin çoxu tədbiq olunacaq qanundan yayınmaq üçün bir vasitədir. Hesab edirlər ki, bu yolla cəzadan- deportasiyadan, “Dublin” sazişinin icrasından xilas oluna biləcəklər. Məndə olan məlumata görə, təkcə son üç ayda 10-dan çox özünə qəsd hadisələri olub. Ötən gün Humay Məmmədova adlı qadın intihar edərək həyatına son qoydu. Allah ona rəhmət eləsin. O özü də, may ayında İtaliya göndərilməkdən xilas olmaq üçün dərman qəbul etdi. Hesab edirdi ki, bu yolla ruhi-əsəb xəstəlikləri üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdiriləcək. Çünki Almaniyada dərman qəbul edərək intihara cəhd edən şəxslər normal qəbul edilmir. Bir qayda olaraq onların qanı yuyulandan sonra ruhi-əsəb xəstəlikləri üzrə ixtisaslaşmış xəstəxanalara yerləşdirilirlər. Bu artıq Deggendorfda təcrübədən çıxmış bir variantdır. Artıq o şəhərdə 8-9 nəfər bu vasitədən istifadə edərək “Dublin” prosedorunun icrasından xilas olub. Hətta bəzi ailələrdə uşaqlar da bu cür halların qurbanına çevrilir. Uşaqları da  ruhi-əsəb xəstəlikləri  üzrə xidmət edən xəstəxanalara göndərirlər. Bu çox acınacaqlı haldır, arzu olunan hal deyil. Təbii ki, intihara cəhd edənlər arasında nə sığınacaq, nə də miqrasiya ilə bağlı digər problemləri olmayan şəxslər də var. Ailə münaqişəsi zəmnində də, öz canına qıyanlar olur. Ötən gün belə hadisələrdən biri Berlində baş verib. Günay adlı azərbaycanlı bir xanım intihara cəhd edib və xəstəxanaya yerləşdirilib. 
  • Niyə həmvətənlərimizlə bağlı neqativ xəbərlər çox vaxt Bavariya əyalətindən gəlir? Bu əyalətin qaçqın siyasəti nədən ibarətdir?
  • Bavariya azərbaycanlıların kütləvi bir yerdə yaşadıqları əyalətlərdəndir. Xüsusilə Platingen və Deggendorfdakı kamplarda azərbaycanlıları kütləvi bir yerdə saxlayırlar. Bu 51-ci il Konvensiyasının tələblərinə ziddir. Azərbaycan vətəndaşlarının kütləvi halda bir binada saxlanılması onların Almaniyaya inteqrasiyasını və dil öyrənməsi ilə bağlı prosesi gecikdirir. Çünki onlar almanlarla ünsiyyətdə olmurlar ancaq bir-biriləri ilə söhbət edirlər. Bu da qanunsuz bir əməldir. Eyni zamanda Deggendorfda azərbaycanlılar kütləvi bir yerdə yaşadıqlarına görə, həkimlər onlara inanmır. Məsələn, rəhmətə gedən Humay Məmmədova həqiqətən ruhi xəstəlikdən əziyyət çəkirmiş. Dəfələrlə həkimlərə bu barədə deyilib, xahiş edilib. Amma ona heç bir tibbi müdaxilə edilməyib. Konkret olaraq deyiblər ki, sizin hələ yaşamaq icazəniz yoxdur. Yalnız müvəqqəti yaşamaq icazəsi alandan sonra müayinə olunub, həkim nəzarətinə götürülə bilərsiniz. Bundan başqa Bavariya Almaniyada qaçqın siyasətini müəyyən edən əsas əyalətdir. Bavariyanın qəbu etdiləri qanunlar bir müddət sonra bütün Almaniyada həyata keçirilir. Bu həm Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Bavariyada yerləşməsi ilə, həm də, indi qaçqın siyasətini müəyyən edən dövlət məmurlarının bu əyalətdən olması ilə bağlıdır. Sərt qanunlar fonunda daha çox Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları pozulur. Çox təəssüf ki, bu belədir. Ötən gün Humay xanımla bağlı etiraz aksiyası keçirilib. Mən sizin vasitənizlə Azər Kazımzadəyə, Orxan və Samir bəylərə, aksiyaya dəstək verən təşkilatlara təşəkkür edirəm. Hesab edirəm ki, aksiya zamanı yolun bağlanması və dövlət məmurlarının gəlib azərbaycanlılarla görüşməsi gələcəkdə qaçqın siyasəti ilə bağlı müəyyən dəyişikliyə səbəb ola bilər.
  • Sığıncaq axtaranlar “Dublin”dən necə qoruna bilərlər?
  • “Dublin”dən qorunmaq lazım deyil. Sazişdə konkret olaraq kimlərə tətbiq oluna bilməyəcəyi nəzərdə tutulub. Xəstələrə, dörd həftə doğuşa az qalmış hamilə qadınlara, yol getmək imkanı olmayan insanlara bu prosedur tətbiq oluna bilməz. “Dublin” probleminin bünövrəsi Azərbaycanda qoyulur. Azərbaycanda İtaliya vizası alan İtaliyaya getməlidir, Çexiyaya viza alan Çexiyaya getməlidir. İnsanlar bilməlidir ki, evini, maşınını satıb viza alandan sonra Almaniyaya həmin ölkələrin vizaları ilə gələndə “Dublin” problemi ilə rastlaşacaqlar. Biz dəfələrlə demişik ki, Almaniyaya, Fransa, İsveçə gələnlər yalnız bu ölkələrin vizaları ilə gəlsin. Bakıda sizi aldadırlar ki, gedin heç bir problem olmayacaq. Bura gələndən sonra da problemlər başlayır. Özünüzü, sevdikləriniz bədbəxt edirsiz. Dövlət Miqrasiya Xidmətinə (DMX), Diaspora Komitəsinə, QHT-lərə Dövlət Dəstək Şurasına biz dəfələrlə təkliflər vermişik. Ey insanlar, bunlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda normal bir QHT olsa və vətəndaşları məlumatlandırsalar ki, siz hansı ölkəyə gedirsiz  və sizi nə gözləyir, onda mühacirət edənlərin, qurbanların və intihar edənlərin sayı azalar. 

Həmçinin oxu: Qanunsuz miqrasiyaya qarşı mübarizə: DUBLİN SAZİŞİ