AzEuroNews.com / Deggendorf    Ötən gün Almaniyanın Deggendorf şəhərində yaşadığı kampda dərman qəbul edərək həyatına son qoyan Humay Məmmədovanın cənazəsi Azərbaycana göndərilib. AzEuroNews.com xəbər verir ki, bu barədə hazırda Almaniyada mühacirət həyatı yaşayan jurnalist Azər Kazımzadə məlumat verib. Onun sözlərinə görə, mərhumun 9 yaşlı qızı Fatimə vəsiyyətinə uyğun olaraq Almaniyada yaşayan bacısına verilib.  

Xatırladaq ki, ötən gün Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqın düşərgəsində intihar hadisəsi baş verib. Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət götərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə,  qaçqın kampında yaşayan Məmmədova Humay dərman içməklə özünə qəsd edib. 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, ötən gün xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadının intiharına ilkin səbəb kimi “Dublin” qərarının obyektiv araşdırılmaması olub. 

H. Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib. 
Ə.Əliyevin sözlərinə görə, bu gün başqa bir azərbaycanlı xanım da Berlində özünə  qəsd edib. O, hazırda xəstəxanadadır. 

Hüquşünasın sözlərinə görə, bu son 10 gündə Almaniyada üçüncü intihara cəhd hadisəsidir. 

Məlumata görə, Humay Məmmədova 1979-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbçi kimi çalışıb və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.