Əlövsət Əliyev / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Bonn   “2020-ci ilin yanvar ayının 1-dən Almaniyada əmək miqrasiyası haqqında qanun qüvvəyə minəcək. Azərbaycandan Almaniyaya gəlmək istəyənlərə müraciət edərək deyirəm, qaçqın statusu almaq üçün gəlməyin. Gəlib uzun-uzadı kamplarda qalmaq, psixoloji travma almaq, xəstəliyə tutulmaq və s. bu yolları keçməyə ehtiyac yoxdur”. Bunu AzEuroNews.com-a açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev söyləyib. Onun sözlərinə görə, verdiyiniz pulun çox az bir hissəsini Azərbaycanda alman dilini öyrənməyə xərcləməklə B1 və ya B2 sertifiktını alıb gəlib çox rahat Almaniyada iş tapa bilərsiniz: “Bu sertifakatlarınız olarsa biz də sizə Almaniyada iş tapmağa kömək edə bilərik. Almaniyada əmək fəaliyyəti ilə məşğul olmağa da yardım edə bilərik. Hesab edirəm ki, Azərrbaycan vətəndaşlarının bu sahədə ciddi maariflənmələrinə ehtiyac var”.

Ə.Əliyevin sözlərinə görə, bu eyni zamanda qaçqınlara da şamil olunur. Belə ki, qaçqın statusu üçün müraciət edən və 18 aydan artıq müddətdə işləyənlərə sözsüz yaşamaq icazəsi veriləcək: “Amma bunu vəkil, məhkəmə vermir. Bunun üçün vətəndaş qaçqın statusu üçün müraciətini geri götürməlidir. Daha sonra Əcnəbilərlə iş üzrə Federal İdarəyə (Ausländerbehörde) müraciət etməlidir. Əmək fəaliyyəti ilə məşğul olması barədə əmək müqaviləsini təqdim etməlidir. Müqavilə ilə birlikdə verdiyi vergilər barədə informasiyanı verməlidir. Həmin şəxslərə yanvarın 1-dən müddətsiz yaşamaq icazəsi veriləcək”.