AzEuroNews.com ► Hər il olduğu kimi bu il də Qurban bayramını Suriyadakı evlərində keçirmək istəyən Suriya vətəndaşları sərhəd keçid məntəqəsində izdihamın yaşanmasına səbəb olublar. AzEuroNews.com xəbər verir ki, ölkələrindəki müharibə səbəbi ilə Türkiyəyə sığınan suriyalı qaçqınlar bu il də Qurban bayramını öz ölkələrində keçirmək istəyiblər. 

Suriya ilə sərhəddəki Türkiyənin Kilis şəhərinə gələn minlərlə suriyalı Öncüpınar sərhəd keçid məntəqəsində izdihamın yaşanmasına səbəb olublar. 

Sərhəd keçid məntəqəsindən verilən məlumata görə, son dörd gündə qeydiyyatdan keçərək Suriyaya gedənlərin sayı 3 mini keçib. Onlar Qurban bayramını ölkələrində keçirdikdən sonra Türkiyəyə qayıdacaqlar. 

Bu hadisə bu il də Türkiyədə birmənalı qarşılanmayıb. Ölkə müxalifəti Miqrasiya Qanununa əsasən öz ölkələrinə gedə bilən Suriya vətəndaşlarının qaçqın statusunu itirdiyini iddia edib. 

Onlar bildiriblər ki, həmin şəxslər Suriyada təhlükəsiz şəhərlərdə yaşayırlar.