Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Bu ilin ilk altı ayı ərzində Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı bilinib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, 2019-cü ilin ilk 6 ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edib. Onlardan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib. Qaçqın stausu haqqında qanunun 41-ci paraqrafına əsasən 15 nəfərin subsidiar müdafiə haqqında ərizəsi üzrə müsbət qərar qəbul edilib. Almaniyada yaşayış yeri haqqında qanunun 60-cı paraqrafının V və VII hissələrinə əsasən Azərbaycana deportasiyanı qadağan edən hallar mövcud olduğu üçün 7 nəfərə müvəqqəti yaşayış icazəsi verilib.

Beləliklə, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib və onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib.

768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Almaniyada qaçqın statusu haqqında ərizəsinə baxılmasının mümkünsüzlüyü nəzərə alınan 558 nəfərin isə, müraciətinə baxılmaqdan imtina edilib. Buna Dublin müqaviləsinə əsasən başqa ölkələrə göndərilməsi gözlənilən şəxslər, müraciətdə qaçqın statusu əlamətlərinin olmaması və s. hallar aiddir.

Bu isə o deməkdir ki, ümumilikdə 1400 nəfərdən 1326 nəfərə bu və ya digər formada rədd cavabı verilib.