AzEuroNews.com ► “Könüllü qayıdış proqramı daim olub. Onun ölkəyə qayıtmaqla bağı hissəsi bir qayda olaraq göndərən ölkə tərəfindən icra olunur. Bu proqram hansı ölkələrdə mövcuddursa, həmin ölkələrin vətəndaşlarına normal maddi yardım edilir”. Bunu AzEuroNews.coma açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquşünas Əlövsət Əliyev Avropadan Azərbaycana könüllü qayıdan ailəyə 9 inək və 9 buzov verilməsi xəbərinə münasibət bildirərkən söyləyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Onun sözlərinə görə, əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Almaniya arasında könüllü qayıdış proqramı var idi : “Bu proqramın məqsədi o idi ki, öz ölkələrinə qayıdan miqrantlar yenidən qaçqın statusu üçün gəlməsinlər. Onların məşğulluğu təmin edilsin, maddi yardımlar vasitəsi ilə kiçik sahibkarlıqla məşğul olsunlar. Bu proqram daha çox Hollandiya tərəfindən icra olunur. Bu da təsadüfi deyil. Bildiyiniz kimi Hollandiya kənd təsərrüfatının və sahibkarlığın inkişafına yardım edən ölkələr sırasındadır”.

Azərbaycanlıların qaçqın statusu üçün ən çox müraciət etdiyi Almaniyadakı könüllü qayıdış proqramı barədə məlumat verən hüquqşünas vurğulayıb ki,  bu bir qədər fərqlidir: “Böyüklərə adambaşına 800-1200 avro, 12 yaşından kiçik uşaqlara bu məbləğin yarısı ödənilir. Ailə tərkibi çox olan ailələrə uşaqlar üçün əlavə 500 avro ödənilir. Maddi yardımın hamısı Almaniyada ödənilmir. Belə ki, sığınacaq istəyi rədd edilmiş şəxs könüllü öz ölkəsinə qayıtdıqdan sonra yardım məbləğinin yerdə qalan hissəsini Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) öz ölkəsindəki ofisindən 6 ay ərzində ala bilir. Bu qurumun Bakıda da ofisi var. Könüllü Azərbaycana qayıdan həmvətənlərimiz bu təşkilatın Bakı ofisinə yaxınlaşaraq sahibkarlığn inkişafı üçün qrantlar da ala bilərlər. Yadımdadır, o vaxt mən BMqT-də işləyəndə bizim əməkdaşlarımız kənd təsərrüfatı məshullarının əkilməsi, kəndlərdə mağazaların açılmasına, mal-qaranın alınmasına və s. dəstək verirdilər. Bunun üçün fermer, sahibkar əsaslandırmış bir layihə təqdim etməli idi. Məsələn, bu heyvandan bu qədər istəyirəm və gəlirim bu qədər olacaq və s. Bildirdiyim kimi ki, bu layihələrin məqsədi təkrar ölkədən getmələrin, təkrar miqrasiyanın qarşısını almaqdır. İnsanların reinteqrasiyasına dəstək verməkdir. Məsələn, insanın bir maşını, evi və mal-qarası var. Onları satıb Almaniyaya gəlibsə, layihə çərçivəsində könüllü olaraq ölkəsinə qayıdan şəxsə BMqT və səfirliklər bu cür dəstəklər verir. Əvvəlki şəraiti qismən də olsa bərbad olunsun və şəxs üçüncü ölkəyə getməsin”.

Xatırladaq ki, Avropadan Azərbaycana könüllü olaraq qayıdan ailəyə 9 baş inək və 9 baş buzov verilib. Bu barədə “Report”a Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildirilib. BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü ölkəyə qayıdan miqrantlara reinteqrasiya yardımı göstərməkdə davam etdirir. İyulun 29-da BMqT-nin Azərbaycan nümayəndəliyi Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıdan növbəti ailəyə Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına köməklik göstərib.

Ailəyə İmişli rayonunda, BMqT-nin maliyyə dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün 9 baş inək və 9 baş buzov satın alınaraq təhvil verilib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü geri dönənlərə yardım fəaliyyətini göstərir. Ayrılan reinteqrasiya vəsaitləri bir iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər.


Həmçinin oxu: Əlövsət Əliyev: Könüllü qayıdış proqramları təhlükəsizlik və iqtisadi baxımdan çox faydalıdır