Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com
Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com
Əlövsət Əliyev, hüquqşünas Almaniya, Düsseldorf
Əlövsət Əliyev,
hüquqşünas
Almaniya, Düsseldorf

Son illər xaricə köç edənlərin arasında mühüm yer tutan və ciddi narahatçılığa səbəb olan hallardan biri də Azərbaycandan olan beyin axınıdır. Azərbaycanın inkişafında müstəsna rol oynayacaq, ölkənin iqtisadiyyatına, elminə və mədəniyyətinə tövhə verməli olan insanların xaricə axını əslində hakimiyyəti də ciddi narahat etməlidir.

Hazırda xüsusi biliyə malik olan insanlardan faydalanmaq, onları cəlb etmək güclü dövlətlərin və transmilli şirkətlərin əsas məqsədindən hesab edilir. Bəzi dövlətlər isə beyin mərkəzləri yaradır və xüsusi biliyə malik şəxslərin ölkəyə gətirilməsi, qorunması və saхlanması üçün əlindən gələni edir. Buna cavab olaraq, intellekt axınının qarşısının alınmasına ciddi cəhdlər də mövcuddur. Hətta bəzi ölkələr beyin axınını miqrasiyanın idarəolunmaz hissəsi hesab edir və buna qarşı ciddi islahatlar hazırlayırlar.

” Beyin axını” (Brain Drain) – yüksək iхtisaslı mütəхəssislərin öz ölkələrində onları qane edən həyat tərzi qura bilməfiyi üçün хarici ölkələrə miqrasiya etməsidir. Azərbaycan kimi ölkələrin daxilində də əslində beyin axını ciddi problemlərdən biridir. Regionlar arasındakı fərqli inkişaf da məhz bununla bağlıdır.

Yüksək təhsil almış, öz iхtisası üzrə mütəхəssis hesab olunan, ixtira və kəşf potensialı olan vətəndaşlarımızın ölkəni tərk edərək güclü dövlətlərin tanınmış elmi və istehsal şirkətlərində işə düzəlməsi Azərbaycanın elmi-teхniki inkişafına ziyan vurur.

Beyin axını cəmiyyətin intellektual potensialının azaltmasına, kütləvi savadsızlığın inkişafına təkan verir. Azərbaycanda bu problemin diqqətdən kənarda qalması yaxın gələcəkdə ölkənin bütün sahələrdə geriləməsinə səbəb olacaq.

Bu günlərdə Alman qəzetlərinin birində Elşən Musayev adlı bir azərbaycanlı haqqında yazı oxudum. Maraqlananda müəyyən etdim ki, iki il əvvəl Azərbaycandan Almaniyaya köç edən Elşən Musayev ilahiyyat üzrə fəlsəfə doktorudur.

Onun xanımı Könül Musayeva Azərbaycanda magistr təhsili alıb. O da ilahiyyatçıdır. Artıq hər ikisi Alman dili üzrə C-1 sertifikatını alıb. Azərbaycan və türk dillərindən başqa rus, ingilis, ərəb və fars dillərini mükəmməl bilirlər. 
Almaniyada QHT yaradıblar. Bundan başqa “Soest mədəniyyətlər arası mübadilə Forumu”- nu təsis ediblər. Forumun məqsədi bərabər, qarşılıqlı anlaşma, dözümlülük və tolerantlıq çərçivəsində yaşaya bilmək üçün bütün mədəniyyətləri, o cümlədən dinləri tanımaq və onlara hörmətlə yanaşmağa yardım etməkdir. Hal-hazırda həmin dərnəyin təşkil etdiyi yay kursunda cənab Musayev dərs deyir.
Könül xanim əcnəbilərlə iş idarəsində alman, ərəb, rus, türk dilləri üzrə tərcüməçi işləyir.

Onların böyük oğlu istedadlı rəssamdır. Bu yaxınlarda sərgisinin keçirilməsi planlaşdırılır. Digər oğlu idmanla məşğul olur. Artıq ilkin uğurlar var və regional birinciliyi əldə edə bilib.

Biraz əvvəl Almaniya radiolarından birində Azərbaycandan və Musayevlər ailəsindən bəhs edən xüsusi verliş təqdim olundu. Çıxışlarını dinlədim və onların uğurlu inteqrasiyalarına görə çox sevindim. Lakin Azərbaycanın ciddi islahatların aparılmasına ehtiyac olan ilahiyyat elmi sahəsində yetişən belə qiymətli mütəxəssislərə sahib çıxıb onları qoruya bilməməsinə görə təəssüfləndim. Və bu qeydləri aparmaqdan, Musayevlər ailəsinə uğur arzulamqdan başqa yolum qalmadı.