Əlövsət Əliyev / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com ► Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev Almaniya Federativ Respublikasının Qaçqınlar və Miqrasiya üzrə Federal İdarəsinə (BAMF) müraciət göndərib. AzEuroNews.comxəbər verir ki,  avqust ayının 6-da ünvanlanmış müraciət hazırda xaricdə məskunlaşan Azərbaycan vətəndaşlarının problemlərinin müəyyənləşdirilməsi ilə bağlı hesabatın hazırlanması zamanı üzə çıxmış əsas məsələ – sığınacaq axtaranların tərcüməçi problemi ilə bağlıdır.

Müraciətə səbəb şifahi söhbətlər və dinləmə protokolları üzrə aparılan ümumiləşdirmələrdə, qaçqın statusu üçün müraciət edən Azərbaycan vətəndaşlarına tərcüməçi kimi Azərbaycan Respublikasında doğulmuş, Azərbaycanda böyümüş, Azərbaycan dilində təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dilini yaxşı bilməyən Cənubi Azərbaycanda (İranda) doğulmuş və fars dilində təhsil almış, Türkiyədə doğulmuş və türk dilində təhsil almış, İraqda doğulmuş və ərəb dilində təhsil almış, Almaniyada doğulmuş və alman dilində təhsil almış və s. şəxslərin də tərcüməçi kimi cəlb olunmasıdır.

 Belə ki, başqa ölkələrdən olan tərcüməçilər Azərbaycanın hüquq-mühafizə orqanları və onların strukturları, hüquq mühafizə orqanlarının qəbul etdikləri qərarlar, hətta bəzi hallarda müəssisələrin, peşə və ixtisasların, sığınacaq axtaran şəxsi təqib edən orqanların adlarını belə dəqiq tərcümə edə bilmirlər. Nəticədə tərcümə zamanı yol verilən pozuntu dinləmə üzrə obyektiv qərarın qəbul olunmasına mənfi təsir göstərir.

Müraciətin sonunda belə halların qarşısının alınması üçün gələcəkdə Azərbaycan Respublikası vətəndaşlarına tərcüməçi təyin edilən zaman Azərbaycanda təhsil almış şəxslərə üstünlük verilməsi xahiş olunub.