Foto © pixabay.com

AzEuroNews.com  ►Almaniyada dərzidən tutmuş velosiped və motosiklet təmirçisi kimi 130-dan çox peşə ustalıq səviyyəsində öyrənilə bilər. AzEuroNews.com xəbər verir ki, Almaniyada ustaların çalışdığı müəssisələrin sayı 2018-ci ildə 1 milyon 748-ə yüksəlib. 1998-ci ildən bəri bu müəssisələrin sayı 250 min artıb. 

Ustalıq peşələri Almaniyada rahat bir gələcək və karyera qurmaq istəyənlərə böyük fürsətlər yaradır. Ölkədə müxtəlif peşə sahələri üzrə ustalıq dərəcəsini alan şəxslər öz müəssisələri də aça bilirlər. Belə şəxslərə görə, Almaniya müxtəlif yardım proqramları həyata keçirir. 

Almaniyada peşə məktəblərində aparılan sorğu nəticəsində məlum olub ki, tələbələrin çoxu ustalıq dərəcəsi almağa daha çox meyillidirlər.

Buna baxmayaraq bu sahədə işçi çatışmazlığı var. Almaniya Federal İş Agentliyinin məlumatına görə, təxminən 16 279 ustaya ehtiyac var. 

Hazırda bu sektorda ən məşhur peşələr isə, mexanik, elektrikçi, avtomobil texnikçisi, santexnikdir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki,  hazırda ölkədə usta kimi çalışanların 38 %-i təmir-tikinti, 11 %-i yol tikintisi sektorundadır. 

2018-ci ildə müxətlif peşə sahələrində usta kimi çalışanların toplam gəliri 612 milyard avro olub. Bu rəqəm 2004-cü ildə 479 milyard avro olaraq qeydə alınıb.

Almaniyada müxtəlif peşələrdə usta kimi çalışanlar ildə təxminən 50 min növ məhsul istehsal edirlər. Onların məhsullarının alıcıları isə, əsasən Avropa ölkələridir.