Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb. Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən (BAMF) əldə edilən statistik məlumata görə, 2019-cü ilin ilk 6 ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün federal idarəyə müraciət edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olub.

Məlumat üçün bildirək ki, 2018 -ci ildə sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün müraciət edib. Təbii ki, Almaniyadan sığınacaq istəyənlərin sayının azalmasını ölkədən emmiqrasiya edənlərin sayının azalması ilə əlaqələndirmək olmaz, bu ilk növbədə Almaniyanın miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır.

Almaniyaya sığınmaq üçün müraciət edən Gürcüstan vətəndaşlarının da sayı 20% azalıb. Belə ki, cari ilin yanvar-iyun aylarında sığınacaq üçün 2 111 nəfər Gürcüstan vətəndaşından müraciət daxil olduğu halda, ötən ilin müvafiq dövründə bu rəqəmin 2 640 olduğu bildirilir.