Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Alman polisi Berlin ərazisində gəzib-dolaşan və yəhudi geyimində olan bir şəxsə hücum edən iki nəfəri axtarır. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumata deyilir ki, Almaniyada bu kimi antisemit hücumlarının sayı 2017-ci ildən bəri artmaqda davam edir.

 Berlin polisinin məlumatına görə, hadisə avqustun 14-də baş verib. İki naməlum şəxs yəhudilərə məxsus geyimdə olan 55 yaşlı bir kişiyə arxadan yaxınlaşaraq onu vurublar. Aldığı zərbədən yerə yıxıldıqdan sonra da ona zərbələr endirən naməlum şəxslər sonra hadisə yerindən qaçıblar. Polis hücum qurbanının dini mənsubiyyətini fərqləndirən geyimdə olan bir yəhudi olduğunu müəyyən edib. Hücumdan sonra zərərçəkən evinə getsə də, aldığı zərbələrdən bədənində olan ağrılar artdığı üçün təcili yardıma müraciət etməli olub.

Berlin polisi baş verənlərlə bağlı hadisə şahidlərinə üz tutaraq, onlardan istənilən polis idarəsinə olay haqqında məlumat vermələrini xahiş edib. Yeri gəlmişkən, rəsmi rəqəmlərə görə, Almaniyada antisemitizm zəminində törədilən cinayətlərin sayı artmaqda davam edir. Belə ki, 2017-ci ildən 2018-ci ilədək bu cinayətlərin sayı 1504 faktdan 1646- fakta kimi artıb. Eyni dövrdə zorakılıqla ifadə olunan hücumların sayı 37-dən 62-yə kimi yüksəlib.

Xatırladaq ki, iyul ayında Berlinin Charlottenburg ərazisində daha bir antisemitizm cinayət baş vermişdi. Belə ki, Yehuda Teichtal sinaqoqdan evə gedərkən hücuma məruz qalmışdı. Həmçinin, bu ayın əvvəlində Münhendə iki antisemitizm hücumu qeydə alınıb. 
Baş verənlərə münasibət bildirən Almaniya prezidenti Frank-Walter Steinmeier mart ayında antisemitizmə qarşı mübarizənin bütün almanların “vətəndaşlıq vəzifəsi” olduğunu söyləmişdi.