Foto © pixabay.com

AzEuroNews.com ►  Amerika Birləşmiş Ştatlarında (ABŞ) tətbiq olunan yeni qaydalara əsasən əgər bir miqrantın sosial yardıma ehtiyacı varsa və ya özünü təmin etmək üçün kifayət qədər maliyyə vəsaiti yoxdursa, onun yaşayış icazəsi alması və ölkədə yaşaması qadağan edilir. AzEuroNews.com Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinə istinadən xəbər verir ki,  ABŞ Prezident Administrasiyasının rəsmi səhifəsinin məlumatına əsasən, bu kateqoriyadan olanlar “Yaşıl Kart” və ya vətəndaşlıq da ala bilməyəcəklər.
“Amerika vətəndaşları üçün müəyyən edilmiş güzəştlərin qorunması üçün immiqrantlar maliyyə baxımından müstəqil olmalıdırlar”, – deyə prezidentin qərarından sitat gətirən Whitehouse.gov yazır. 

Yeni qaydalar 2019-cu il oktyabr ayının ortalarından qüvvəyə minəcək.
Ağ Ev öz qərarını prezident Bill Klintonun dövründə qəbul edilən iki qanunla əsaslandırır. Söhbət 1996-cı ildə qəbul edilmiş ABŞ-da “geniş miqyasda tətbiq edilməyən” qanunlar paketindən gedir. Hakimiyyətin məlumatına görə, hazırda amerikalıların 73% -i hesab edir ki, immiqrantlar özləri-özlərini maliyyə cəhətdən təmin etməlidir.

Qanun kimlərə tətbiq olunacaq?


Yeni məhdudiyyətlər “Medicaid” tibbi sığorta istifadəçilərinə, ərzaq talonlarından faydalananlara, daşınmaz əmlak qəbzlərindən istifadə edənlərə şamil ediləcək.

“Amerikanın Səsi”nin yaydığı məlumata görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin əməkdaşları müraciət edən əcnəbilərin potensial Amerika vətəndaşının dövlət üçün bir yük olmayacağına dair məlumat əldə etməlidirlər.
ABŞ-da “Yaşıl Kart”a müraciət edənlərin illik sayı yarım milyondan çoxdur. Yeni qaydalara görə, təxminən 400 min miqrant təkrar yoxlanışa məruz qala bilər.
Məlumatda bildirilir ki, bu gün ABŞ-da təxminən 22 milyon miqrant qanuni, 10, 5 milyon isə qanunsuz yaşayır.