Foto © bild.de | Fərahim İlqaroğlu |Kollaj : AzEuroNews.com

Azərbaycanlı qadın qaçqın kampında vəhşicəsinə döyülüb 

Azərbaycandan sığınacaq üçün müraciət etmiş Sevinc (41 yaş) adlı bir qadın vəhşicəsinə döyülüb. Hazırda o, Frankenthal şəhər xəstəxanasındadır (Lamsheim County, Rhineland-Palatinate). Qadının sol ayağı sınıb, bədənində çoxsaylı xəsarət və qançırlar var. Bu xəsarətlər qadına Lamsheimdəki qaçqın sığınacağında yetirilib. O, hadisədən 12 gün əvvəl sığınacaqda qonşu qadınla mübahisə edib. Hadisə zamanı qonşu qadının iki oğlu onu yumruq və təpiklə vəhşicəsinə döyərək ağır xəsarətlər yetiriblər. Xanıma hücum edən şəxslər (17 və 19 yaş) haqqında polis qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə cinayət işi başlatsa da, onlar hələ ki, azadlıqdadır.

+++

Almaniyada daha bir həmvətənimiz özünə qəsd edib 

Almaniyada qaçqın statusu üçün müraciət edən daha bir həmvətənimiz özünə qəsd edib. Hadisə Almaniyanın İbbenburen şəhərində qeydə alınıb. Qaçqın statusu üçün müraciət edən Hüseyn adlı şəxs Dublin sazişinə əsasən İtaliyaya getməkdən imtina edib. Polis əməkdaşları onu zorla aparmaq istəyən zaman o, hər iki qolunu kəsici alətlə doğrayıb.  Həmvətənimiz təcili yardım avtomobili vasitəsi ilə xəstəxanaya çatdırılıb. 

Hüseyn adlı həmvətənimiz Kəlbəcər rayonunda anadan olub. Evlidir, 8 və 12 yaşlarında iki azyaşlı uşağı var.

+++

Almaniyada qaçqın kampında dava: 1 ölü 

Almaniyanın Aşağı Saksoniya əyalətinin Bützfleth şəhərində yerləşən bir qaçqın kampında kütləvi dava olub. Hadisə yerinə gedən polis əməkdaşları Əfqanıstan vətəndaşı olan bir şəxsin müqaviməti ilə rastlaşıblar. O, idman aləti ilə polis əməkdaşlarına hücum edib. Polis əvvəlcə onu sakitləşdirmək istəyib. Daha sonra bibər qazından istifadə edib. Bu da yetərli olmayınca, məcbur xidməti silahı ilə onu vurub. 

Əfqan qaçqın elə hadisə yerindəcə keçinib. Polisin məlumatına görə, öldürülən Əfqanıstan vətəndaşı bir başqa cinayətə görə, polisdə qeydiyyatda olub.

+++ 

Sellofan torbalar birdəfəlik qadağan olunacaq

Almaniyada marketlərdə sellofan torbalar birdəfəlik qadağan olunacaq. Almaniya rəsmiləri 2015-ci ildə bütün ölkə böyu sellofan torbalardan istifadənin 64 % azadlığını ancaq, bunun yetərli olmadığını dilə gətiriblər. 

+++

Almaniyadakı orta aylıq qazanc açıqlandı 

Almaniyada orta aylıq qazanc açıqlanıb. Bu bir nəfər üçün 1869 avro təşkil edir. Almaniyanın Köln şəhərində yerləşən Alman İqtisadiyyat İnsitutunun yaydığı məlumatda deyilir ki, aylıq vergilər çıxılmaq şərti ilə ortalama 3440 avro qazanan şəxslər ölkədə varlılar siyahısına daxil edilib. 

Araşdırmalar nəticəsində məlum olub ki, Qərbi Almaniyada orta aylıq əmək haqqı daha çoxdur. Burada orta aylıq əmək haqqı 2839 avro olaraq qeydə alınıb.

+++

Azərbaycanlılar Ermənistan səfirliyinin önünə aksiya təyin etdilər

 Hollandiyada yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. “Cəbrayıl və Füzuliyə ədalət” aksiyası hər iki rayonun 26-cı işğal ildönümü ilə əlaqədar Haaqa şəhərində baş tutacaq. 

Məlumat üçün bildirək ki, avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının erməni və rus hərbi birləşmələri tərəfindən işğalından 26 il ötəcək.