Foto © Polizei NRW Bonn
Foto © Polizei NRW Bonn

AzEuroNews.com  ► Almaniya sərhədlərində qanunsuz miqrasiya ilə bağlı yoxlamaları gücləndirib. AzEuroNews.com xəbər verir ki, Almaniya qonşu ölkələrin polis və miqrasiya təşkilatları ilə əməkdaşlıq çərçivəsində avtobanlarda, avtbuslarda, qatarlarda, sərhədə yaxın şəhərlərdə 24 saat “Pasport yoxlaması” rejiminə keçib. 

Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə,  bu ilin son altı ayında 16 500 şəxs qanunsuz olaraq Almaniyaya keçmək istəyərkən saxlanılıb. Onlardan təkcə 1518-i Bazel-Vayl şəhərlərinin sərhəd yoxlaması zamanı tutulublar. 

Məlumat üçün bildirək ki, ötən günlərdə Almaniyada platformada qatar gözləyən ana və 8 yaşlı uşağını qatarın altına atıblar.  Hadisə Frankfurt şəhərində baş verib. Belə ki, platformada qatar gözləyən ana və 8 yaşlı uşağı bir nəfər tərəfindən platformaya yaxınlaşan sürətli ICE (İnter City Express) tipli qatarın altına itələniblər. Ana tez platformaya çıxmağı bacarsa da, 8 yaşlı uşağı qatarın altında qalaraq can verib. 

Hadisə yerindən qaçmağa çalışan şübhəli şəxs polis əməkdaşlarının çevik reaksiyası ilə saxlanılıb. Kimlik yoxlaması zamanı 40 yaşlı şübhəlinin Eritreya vətəndaşı olduğu müəyyən olunub. Hadisədən sonra Frankfurt dəmiryolu vağzalına bir neçə saatlıq qatarların giriş-çıxışı dayandırılıb. Bu səbədən əyalətdə qatar səfərlərində gecikmələr qeydə alınıb. 

Almaniyanın daxili işlər naziri Horst Sehofer tətilini yarıda kəsərək Frankfurta gəlib.

Araşdırmalar zamanı məlum olub ki, 40 yaşlı eritreyalı İsveçrədən Alamniyaya qanunsuz səfər edib. 

Bundan sonra federal daxili işlər naziri H.Sehoferin göstərişi ilə ölkədə “Pasport yoxlaması” rejimi elan edilib.