AzEuroNews.com  ►  Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi insan alveri və məişət zorakılığı qurbanları üçün sığınacaqda təmir işləri başa çatdırıb. Bu barədə AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, BMqT-nin Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəratini yaxşılaşdırmaqla həmin sığınacaqlarda yerləşdirilmiş insan alveri qurbanlarına və insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməkdə davam edir. Təmir və bərpa işlərinə ümumi təmir, sanitar qurğularının yenilənməsi, pəncərələrin və qapıların quraşdırılması daxildir. 

Bu, “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza” layihəsi çərçivəsində faydalananlara göstərilən yardımın ümumi keyfiyyətinə əlavə töhfə verir. Layihə ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilir”-deyə daxil olan məlumatda vurğulanır. 

Bu yaxınlarda BMqT Azərbaycanda insan alveri qurbanları, insan alverinə və məişət zorakılığına həssas olan şəxslər üçün nəzərdə tutulan başqa bir sığınacağın təmir işlərini başa çatdırıb. Təşkilat bundan öncə təmir işləri aparmaqla paytaxtda və bölgədəki bəzi sığınacaqlarda yaşayış şəraitini daha da yaxşılaşdırıb.