Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Yay tətillərini Türkiyədə keçirən Avropada yaşayan türkiyəlilər məmləkətlərində 3,3 milyard avro xərcləyib. AzEuroNews.com xəbər verir ki, bu barədə Avropa Təhsil və Elmi Araşdırmalar Vəqfi (TAVAK) “Avropalı türklərin turizmdəki rolu” başlıqlı hesabatında məlumat verib. 

Məlumatda deyilir ki, keçən il 2,8 milyon türkiyəli yay tətilini Türkiyədə keçirib. Onların təkcə 1,8 milyonu Almaniyada yaşayan türkiyəlilər olub. Onlar ölkələrində 3,3 milyard avro xərcləyiblər. 

Araşdırmada qeyd olunur ki, Avropada yaşayan türkiyəlilərin 47 %-i yay tətilərini Türkiyədə keçirirlər. Onlar ölkələrində təxminən 24 gün qalırlar. 

Hesabatda qeyd olunur ki, Avropada yaşayan türkiyəlilər istirahət üçün qardaş ölkəni seçən almanlardan daha çox pul xərcləyiblər. 

Belə ki, keçən il bir almanın Türkiyədə adam başına xərclədiyi məbləğ təxminən 590 avro olub. Avropada yaşayan türkiyəlilər üçün bu rəqəm 1175 avro olaraq qeydə alınıb.