Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com Almaniyada cinayət  hadisəsi törətdiyi üçün deportasiya edilən əcnəbilərin sayında artış qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, buna səbəb federal hökumətin deportasiyanı asanlaşdıran qanunu qəbul etməsidir. 

Belə ki, Almaniyada müxalifətdəki Sol Partiyanın sorğusuna cavab verən Federal Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, 2018-ci ildə 7408 nəfər cinayət hadisəsi törətdiyi üçün deportasiya edilib. Bu rəqəm 2017-ci ildə 7374, 2016-cı ildə isə, 5049 nəfər olub. 

“Neue Osnabrücker Zeitung” qəzetinin məlumatına görə, bu ilin ilk 6 ayında 4666 sığınacaq axtaran şəxs ölkədən çıxarılıb. 

Nazirliyin məlumatında bildirilir ki, cinayət hadisəsi törətdiyi üçün deportasiya edilənlərin sayı əyalətlərə görə də fərqlənir. Məsələn, bu il Baden-Vürtemberq əyalətindən 589 nəfər, Meklenburq-Ön Pomeraniya əyalətindən isə, 12 nəfər deportasiya edilib. 

Məlumatda vurğulanır ki, barələrində deportasiya qərarı çıxarılan şəxslərin 16 %-inin Almaniyada müddətsiz, 30 %-inin isə, müddətli yaşamaq icazəsi olub.