Xəbər müəllifi © Fuad Mədətov  ► Azərbaycanlılar Kanadada Azərbaycan festivalı təşkil ediblər. Festival bir çox maraqlı məqamlarıyla yaddaqalan olub və tamaşaçılara xoş anlar yaşadıb. AzEuroNews.com xəbər verir ki, tədbirlə bağlı təəssüratlarını bölüşən Kanadada səfərdə olan Azərbaycanda çalışan qocaman pedaqoq Kəmalə Əzimzadə, onu da qeyd edib ki, tədbirdən əvvəl xoş olmayan məqamlar da olub. O, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin Azərbaycan festivalına soyuqqanlı yanaşmağından, biganə olmağından təəssüf hissi keçirdiyini bildirib:

“Azərbaycan bizim Vətənimizdir. Bizim borcumuz Vətənimizi qorumaq, dövlətimizə, xalqımıza dayaq durmaqdır. Mən 30 ilin müəllimi kimi şahidi olduqlarımı Azərbaycan mətbuatı vasitəsiylə ictimaiyyətinə açıqlayıram ki, bu ilin iyul ayında Kanadanın Vankuver şəhərinə gəldim. Burada yaşayan həmyerlilərimizlə görüşəndə təklif etdim ki, vitse-prezident Mehriban Əliyevanın doğum günü ərəfəsində Vankuverdə Azərbaycan festivalı təşkil edək. Vətənimizi sevən azərbaycanlılar bir araya gələrək, 24 avqust tarixində tədbirin keçirilməsini planlaşdırdılar.”

K.Əzimzadə qeyd edib ki, təşkilatçılar illərlə Türk xalqları festivalında Vətənimizi təmsil edən Tamilla Severcan və Azərbaycanlı fəal Xədicə İbrahimli təklifi bəyəndilər və 17 iyul tarixindən etibarən dəfələrlə Azərbaycan Respublikasının Kanadadakı səfirliyinə yazılı müraciət ediblər:

“Tədbirə bir həftə qalmış cavab aldıq ki, səfir Fuad Əliyev məzuniyyətdədir. Tədbirimizə dövlətimizi təmsil edəcək rəsmi şəxslərdən heç kim qatılmayacaq və dəstək üçün Vankuver şəhərindəki təşkilatlara müraciət etməyimizi təklif etdilər. Təbii ki, səfirliyimizdən belə bir cavabın alınması bizi şoka salmaya bilməzdi. Həm çox təəccübləndik, həm də çox təəssüf etdik. Axı dövlət başçımız Azərbaycanı qarış-qarış gəzir, insanlarla daim ünsiyyətdə olur, onların qayğısına qalır. Hər bir problemə öz problemi kimi doğmalıqla yanaşır. Bəs niyə cənab prezidentimizin təyin etdiyi elçilər xalqımıza, onların xarici ölkələrdəki vəziyyətinə biganə qalırlar, dövlətimizin nüfuzuna pəl vurmağa çalışırlar?”

Qocaman pedaqoq onu da vurğulayıb ki, bütün bu xoşagəlməyən məqamlara baxmayaraq, Azərbaycan festivalı möhtəşəm şəkildə keçirilib:

“Nəhayət ki, özümüz 24 avqust tarixində saat 18:00-dan 22:00-dək Azərbaycan festivalını keçirtdik. Festival çərçivəsində hazırlanan milli mətbəximizin təamları gələn qonaqları valeh etdi. Tamaşaçılar Azərbaycan mahnılarının və rəqslərinin sədaları aıtında rəqs edib, şənlənirdilər. Azərbaycanı festivalda müğənnilər Xədicə İbrahimli, Emili Gibski və Adam Balmorol təmsil edirdilər. Müğənni X.İbrahimli tədbirdə 25 mahnı ifa edərək, tamaşaçıların marağına səbəb oldu.

Ümid edirəm ki, bu qeydlərimlə az da olsa, səsimi dünya Azərbaycan səfirlikləri eşidəcək və Vətəni, torpağı, dövlətçiliyi, əsl vətənpərvər qərib azərbaycanlıların təbliğ etməsinə dəstək olacaqlar.”