Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   ► Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı kampda azərbaycanlıların iştirakı ilə baş verən kütləvi dava ilə bağlı yeni məlumatlar əldə etmişik. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 20 avqust 2019- cu il tarixdə Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə baş verən kütləvi dava faktına görə cinayət işi başlamış və iştirakçılardan ikisi həbs edilmişdi.

“Həmin hadisədən iki gün sonra daha iki həmvətənimiz həbs edilib. Həbs olunanlardan biri də X-dır. O evlidir və 4 uşağı var. Onun həyat yoldaşı xanım T.  “Dublin” problemini həll etmək üçün Maykofen şəhərindəki ruhi əsəb xəstəlikləri xəstəxanasında dəfələrlə müalicə olunub. T. -nin xəstəliyini nəzərə alaraq uşaqlara nəzarət X.-a verilmişdi. X. həbs olunandan sonra  dövlət uşaqları alıb müvəqqəti saxlamaq üçün iki alman ailəsinə verib. Həmin gün başqa bir ailənin də bir uşağı alınaraq dövlətin himayəsnə götürülüb”– deyə inteqrasiya mərkəzindən verilən məlumatda deyilir.

Məlumat üçün bildirək ki, çərşənbə axşamı günü Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.

Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla arşdırma aparır.