Nazim İsmayılov

AzEuroNews.com  ►  “Nə mənim, nə də oğlumun Kanadada mülkü var. Oğlum Anar İsmayılovun olduğu iddia edilən Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində dəyəri 1 milyon 300 min dollar (2 milyon 210 min manat) olan mülkün alınmasına dair çıxarışın surəti isə saxtadır”. 

Bunu AzEuroNews.com-a açıqlamasında Saatlının icra başçısı Nazim İsmayılov söyləyib. Onun sözlərinə görə, oğlunun Kanadada mülk alıb, şirkət açması ilə bağlı məlumatlar yalan və böhtandır.

Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirir və bəzi KİV-lərin reytinq naminə dəqiqləşmə aparmadan yalan məlumat yaymalarından dərin təəssüf hissi keçirirəm”- deyə icra başçısı AzEuroNews.com-a bildirib. 

Xatırladaq ki, Saatlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkünün aşkarlanması ilə bağlı xəbərlər yayılıb.

İcra başçısının oğlunun Kanadadakı mülkünün 1 milyon 300 min dollar olduğu göstərilir. Mülkün icra başçısının oğluna aid olduğu ilə bağlı bəzi sənədlər sosial şəbəkələrdə yayılıb.