Paris Ticarət Məhkəməsi “Amazon” şirkətlər qrupuna aid “Amazon Services Europe” və “Amazon France Services” şirkətlərini elektron ticarətlə bağlı mövcud qanunlara uyğun gəlməyən müqavilələr bağladıqları üçün 4 milyon avro məbləğində cərimələyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rəqabət, İstehlak, Dələduzluğa Cəzalar Baş Direktorluğundan (DGCCRF) bildirilib.

Məhkəmənin qətnaməsi tam yetrinə yetirilməməsi halında cavabdeh şirkətlər gündəlik 10 min avro əlavə cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, DGCCRF tərəfindən 2016-2017-ci illər ərzində Fransada fəaliyyət göstərən bütün elektron ticarət meydançalarına dair aparılan araşdırmalar nəticəsində “Amazon”un satıcı ilə onun üçün açıq-aşkar əlverişsiz şərtlərlə, Fransa Ticarət Məcəlləsinə zidd müqavilələr bağladığı halları üzə çıxarılmışdı.

Araşdırmanın nəticələri açıqlandıqdan sonra iqtisadiyyat və maliyyə naziri Bruno le Mer “Amazon” şirkətini məhkəməyə vermişdi.