Milyonlarla “Facebook” istifadəçisinin telefon nömrələri olan məlumat bazası naməlum şəxslər tərəfindən internetdə yayılıb.

İstifadəçilərin İD profilləri, cinsiyyəti və yaşadıqları ölkə haqqında məlumatlar da internetə sızdırılıb. İstifadəçilər barədə 419 milyondan çox yazı hamı üçün əlçatan olub. Onlardan 133 milyonu ABŞ, 18 milyonu Britaniya və 50 milyonu Vyetnam sakinlərinə aiddir.

Şirkətin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, bu, sosial şəbəkə telefon nömrələrinə girişi bağlamamışdan öncə toplanmış köhnə məlumatlardır.

“Məlumatlar artıq silinib və onların hər hansına kənar şəxslər tərəfindən baxıldığına dair heç bir sübut yoxdur”, – deyə “Facebook” nümayəndəsi Cey Nankerrou bildirib.

Xatırladaq ki, bir müddət öncə istifadəçilərin şəxsi məlumatlarının sızması ilə əlaqədar “Facebook” beş milyard dollar məbləğində cərimələnmişdi.