Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniyada bədbəxt hadisə nəticəsində ölən qadının nəşi Azərbaycana göndərilib. 

AzEuroNews.com  xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev öz “Facebook” səhifəsində yazaraq məlumat verib. 

“31 avqust saat 18.40 -da Berlində yaşadığı otağın pəncərəsindən (binanın 4-cü mərtəbəsindən) naməlum şəraitdə yıxılaraq rəhmətə gedən 32 yaşlı, 8 aylıq hamilə qadının nəşi bu gün Berlindən Bakıya yola salındı. Ölümün konkret səbəbi hələ məlum olmasa da, təqdim olunan sənədlərdə bunun üçün araşdırmanın davam etdirildiyi bildirilir.
Həyat yoldaşı ilə söhbət zamanı məlum oldu ki, ölümündən bir neçə gün əvvəl, sevinərək mənə Bayreuth Universitetində PHD fəlsəfə doktoru adını qazandığını bildirən xanım o imiş. Berlindən oraya köçmək qaydaları, bu işin orada yaşamaq imkanı əldə etmək üçün imkan verəcəyi ilə bağlı suallar yazmışdı. Bu gün baxdım ki, dərhal cavab vermişəm və xahiş etmişəm ki, əmək müqaviləsini imzalasın, sonra digər məsələləri müzakirə edək. 

Əlövsət Əliyev
Əlövsət Əliyev


Təəssüf ki, təhsillə bağlı arzuları bətnində olan 8 aylıq körpəsi kimi doğulmadan dəfn olundu. 10 yaşlı oğlu ilə xeyli söhbət etdim. Bu hadisədən sonra həkim olmağa qərar verib, “bu, həm də anamın arzusu idi” dedi. Həm də bildirdi ki, anamın mənimlə bağlı bütün arzularını bilirəm və hamısını icra etməyə çalışacağam. Mükəmməl təhsil alan belə həmvətənlərimizə Azərbaycanın elm ocaqlarında yer tapılmamasına təəssüflənir, belə hadisələrin təkrar olmamasını arzu edirəm”-deyə Ə.Əliyev qeyd edib. 

Xatırladaq ki, avqustun 31-də Azərbaycanlı qadın Almaniyada bədbəxt hadisə nəticəsində ölüb. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, paytaxt Berlinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyyatsızlıqdan dördüncü mərtəbədən binanın həyətinə yıxılaraq can verib.  Qadın hamilə olduğundan təcili qeysəriyyə əməliyyatı aparılıb. Buna baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. 

Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırır. Bədbəxt hadisə nəticəsində ölən qadın əri və bir uşağı ilə birlikdə yaşayırmış.