Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   ►  Almaniyanın üç federal əyalətində tikinti şirkəti adı altında fəaliyyət göstərən bir qrup tərəfindən təsis edilmiş təşkilat miqrantlar üçün qanunsuz „paket“ təklif etməklə məşğul imiş. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxilolub. Məlumatda deyilir ki, bir necə gün əvvəl federal polis bu işdə günahkar bilinən üç əsas şübhəlini saxlayıb. 4 sentyabr 2019-cu il tarixində – çərşənbə günü hüquq-mühafizə orqanları Bremen, Nürnberq və Aşağı Saksoniyada eyni vaxtda kütləvi reyd və axtarış tədbirləri keçiriblər.

Əməliyyat zamanı 600-dən çox polis əməkdaşı 25 obyektdə – yaşayış mənzillərində və ofislərdə axtarış aparıb. Federal polis rəisinin sözlərinə görə, əməliyyat Şimali Makedoniyadan olan bir ailə tərəfindən yaradılmış və Albaniyadan Almaniyaya çoxlu sayda qanunsuz miqrant daşımaqla məşğul olan cinayətkar dəstənin zərərsizləşdirilməsinə yönəlib.
Cinayətkar qrupda idarəetmə demək olar ki, nağıllardakı kimi olub. 68 yaşlı ata və üç oğlunun (31, 34 və 37 yaş) “qərargahı” Bremen şəhərində olub. Axtarış aparan polis əməkdaşları orada çoxlu sayda saxta Yunanıstan pasportu və sürücülük vəsiqələri, habelə külli miqdarda pul aşkar edərək götürüblər. 
Bu şirkətin əhatə dairəsi əslində kifayət qədər geniş olaraq, tikinti sektorundan tutmuş daşınmaz əmlak bürosu və təmizlik xidmətlərinə qədər böyüyüb. Bu imkan makedoniyalılara potensial miqrantlara hərtərəfli xidmətlər göstərməyə imkan yaradıb. Onlar saxta sənədlərlə yanaşı, miqrantları dərhal yaşayış və hətta iş yerləri ilə təmin ediblər.
Plan çoxmərhələli olmaqla məharətlə icra edilib. “Saxta” pasportlar o qədər keyfiyyətlə çap olunub ki, Almaniyanın miqrasiya xidmətinin əməkdaşları belə onu fərqləndirə bilməyiblər. 

Yeni təqdim olunan sənədlər albanları Avropa Birliyi vətəndaşlarına – yunanlara və ya italyanlara “çevirib”. Buna görə, alman məmurları ziyarətçilərə mübahisəsiz qeydiyyat şəhadətnamələri veriblər.

Miqrantlar şübhəli görünməsinlər deyə, dərhal kirayə müqaviləsi bağlayıblar. Albanlar cinayətkar qrupa hər ay 300-500 avro ödəyiblər. Sənədləşmə başa çatandan sonra onlar bütün Avropada işləmək hüququ əldə ediblər. 

Yeri gəlmişkən, miqrantlardan qara işlərdə daha çox istifadə olunub. Müstəntiqlər müəyyən ediblər ki, gətirilənlər əsasən “nağıl ailə” üçün – inşaatda, anbarlarda yükləyici, təmizləyici kimi işləyiblər… Əlbəttə ki, qanunsuz şəkildə.

Bu iş üzrə əməliyyat axtarış tədbirləri 2017-ci ildən başlayıb və hələ də davam edir. Bu müddət ərzində polis bu bölgələrdə 70-dən çox qanunsuz miqrasiya faktı aşkar edib. Saxlanılan üç rəhbərdən əlavə, müstəntiqlər sənədləri saxtalaşdırmaqda ittiham olunan daha beş nəfərə də qarşı cinayət işi açıblar.