AzEuroNews.com “DHL” şirkətinin üç əməkdaşı müştərilərə aid qiymətli poçt bağlamalarını oğurladıqları üçün saxlanılıblar. AzEuroNews.com  Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, sözügedən şirkətin əslən Yunanıstan, İtaliya və Eritreyadan olan işçiləri tərəfindən  təxminən 200 qiymətli bağlama açılıb və içindəki saat, mobil telefon və s. qiymətli əşyalar oğurlanıb. 

Poçt bağlamalarının sahibləri tərəfindən polisə edilən müraciətdən sonra Köln polisi araşdırmaya başlayıb. 

Çox keçmədən məlum olub ki, müştərilərin 200-ə qədər poçt bağlamasını açaraq oradan 75 qiymətli saat, mobil telefon və zinət əşyalarını götürənlər “DHL” şirkətinin əməkdaşları olublar. 

Onlar saxlanıldıqdan sonra evlərinə baxış keçirilib və 2018-ci ilin iyun ayından müştərilərə aid paketlərdən oğurlanan qiymətli əşyalar maddi sübut kimi götürülüb. Polisdən verilən məlumata görə, oğurlanan əşyaların ümumi dəyəri təxminən 120 min avrodur.  

Fakta bağlı araşdırma davam etdirilir.