Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   ► Almaniya dünya üzrə ABŞ-dan sonra əməkçi miqrantların ən çox məskunlaşdığı ölkədir. Belə ki, Almaniyanın əmək bazarı dünyada ABŞ-dan sonra ikinci ən populyar hesab edilir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 197 ölkədə 366 min insan arasında sorğu keçirmiş „Stepstone“nin mütəxəssisləri məlumat paylaşıblar.

Məlumata görə, Almaniyada işləməyə daha çox bosniyalılar, albanlar, iranlılar, mərakeşlilər və tunislilər can atırlar. Almaniyaya əcnəbiləri iqtisadiyyatda olan dinamik inkişaf və başqa ölkələrlə müqayisədə ölkəyə gəlmək üçün mövcud olan yumşaq qaydalar cəlb edir. Digər tərəfdən Almaniyada əmək bazarının populyarlığı həm də digər qonşu ölkələrin əmək bazarına daxil olmağın daha çətin olması ilə bağlıdır.

Məsələn, Brexitdən (“Brexit” Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz də Yunanıstan Avropanı potensial tərk etmə prosesinə verilmiş “Grexit” sözündən götürülüb – Leqat) əvvəl ispanlar, polyaklar və rumınlar İngiltərədə işləmək istəyirdilər. Ancaq indi onlar Almaniyaya qaçırlar.

Sorğuda iştirak edənlərin 57 % -nin səs verdiyi 10 ən məşhur əmək ölkəsi aşağıdakı kimi sıralanıb:


1. ABŞ 
2. Almaniya 
3. Kanada 
4. Avstraliya 
5. İngiltərə 
5. İspaniya 
7. Fransa 
8. İsveçrə 
9. İtaliya 
10. Yaponiya 


Almaniya daha çox texnologiya və sənaye sahəsində ixtisaslaşan mühəndislər üçün populyar ölkə olaraq qalmaqdadır. Almaniyanın populyarlığını qorumasına baxmayaraq, Avropa İttifaqı üzv olan dövlətlərin ölkələrini tərk edən vətəndaşlarının sayı azalmaqda davam edir. Bu, ilk növbədə Polşadan gələn işçilərə aiddir. Bu ölkədən Almaniyaya əmək miqrasiyası nəzərə çarpacaq dərəcədə azalıb və proses davam etməkdədir.

Almanların özləri isə xaricdə – başqa ölkədə işləməyə can atırlar. Dörd il əvvəl aparılan bir araşdırmaya görə, Almaniyadan gedən əmək miqrantlarının sayı 11% artıb. Almaniya vətəndaşları daha çox İsveçrə, ABŞ və Avstraliyaya gedirlər.