Foto: Bundesamt für Migration und Flüchtlinge - BAMF

Təhqiqatçılar inteqrasiya kurslarında yeniliklərə ehtiyac olduğuna qərar veriblər


AzEuroNews.com  ► Almaniya Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarəsi (BAMF) inteqrasiya kurslarının keyfiyyətini araşdırıb. Sorğuda iştirak edənlərin əksəriyyəti kurslardan faydalandıqlarını bildiriblər. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki, bu sahədə problemlərin mövcudluğu və onların aradan qaldırılmalı olduğu da məlumdur. Əsasən Mainz şəhərindəki inteqrasiya kurslarıyla bağlı aparılmış araşdırmadan sonra qərara gəlinib ki, kursların keyfiyyətinin artırılmasına ciddi ehtiyac var. Müəllimlər kurslara bəzən ciddi problemləri olan qaçqınların da cəlb olunduğunu bildiriblər. Onlar hesab edirlər ki, iştirakçıların təhsil səviyyəsinin aşağı olması travma nəticəsində yaranan psixoloji stress və qadınların ictimai həyatda aktiv olmaması ilə bağlıdır. 
BAMF Araşdırma Mərkəzinin apardığı tədqiqata görə, sorğuda iştirak edən mühacirlərin kurslara davamiyyəti müsbətdir. Qaçqınlar qrupundan 61 faizi kursdan sonra yaxşı və ya çox yaxşı alman dili biliklərinə sahib olduqlarını söyləyiblər. 
Federal Daxili İşlər Nazirliyi tərəfindən BAMF-a inteqrasiya kurslarının vəziyyətinin araşdırmasının tapşırılmasına səbəb kimi son illərdə iştirakçılar arasında qaçqınların sayının çox olması göstərilir. BAMF tədqiqatçısı Anna Tissotun sözlərinə görə, bilik kurslarının iştirakçıları, xüsusən də qadınlar tez-tez bir sıra əlverişsiz amillərlə bir araya gəlirlər: “Qaçqın qadınlarda əlverişsiz şərtlərin olduğunu əvvəlcədən bilsək də, gender fərqlərinin dərəcəsi heyrətamiz idi.”


“Qaçqınların daha az vaxtı var”


Hesablamalara görə, qaçqın qadınların təhsili və peşə təhsili daha aşağı səviyyədədir. Qadınlarda travma sonrası stress pozğunluğundan əziyyət çəkmə riski daha yüksəkdir. Qadınlar, eyni zamanda uşaqlara baxmalı olduqları üçün kişilərlə müqayisədə daha az kurs keçirlər. 
Qaçqın qadınların dil bilikləri zəif olduğundan onlar çox vaxt əmək bazarından kənarda qalırlar. Qadınların kənarda qalmalarının qarşısının alınması və cəmiyyətlə təmasda olmalarını təmin etmək üçün BAMF 2017-ci ildən bu vaxta kimi kursa gələn valideynlərin uşaqlarına nəzarət üçün təxminən 43 min Avro məbləğində vəsait ayırıb.
Kurs iştirakçıları arasında aparılmış araşdırma daha bir problemin müəyyən olunmasına yardım edib. Məlum olub ki, Avropa Birliyindən gələn mühacirlərlə müqayisədə digər ölkələrdən gələn iştirakçılara dil kurslarında daha çətin olur. “Çünki onların öz ana dillərində baza təhsilləri çox aşağı səviyyədədir”, – deyə Federal Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2015-ci ildən bəri dil kurslarının nisbəti iştirakçıların strukturundakı dəyişikliklərlə xeyli artıb. 2018-ci ildə 200 mindən çox immiqrant ilk dəfə təxminən 14 500 yeni başlayan inteqrasiya kurslarından dil öyrənməyə başlayıb. Onların əksəriyyəti, təxminən 68 %-i ümumi inteqrasiya kursunda iştirak etmiş və kursları başa çatdırıblar.

Dil bilikləri olmadan uğurlu inteqrasiya mümkün deyil

Federal Daxili İşlər naziri Horst Seehofer (CSU), dil və inteqrasiyanın uğurla davam etdirildiyini bildirib: “Dil bilikləri olmadan uğurlu inteqrasiya mümkün deyil. İnteqrasiya kursları iştirakçıların alman dili biliklərini artırmaqda əhəmiyyətli dərəcədə töhfə verir”.

Almaniya müxalifəti isə inteqrasiya kurslarının vəziyyətini tənqid edib. Sol inteqrasiya mütəxəssisi Gökay Akbulut qadınların kurslara cəlb olunmasının vacibliyini vurğulayıb və qeyd edib ki, qadınların kurslarda iştirak etməsi üçün uşaqlara nəzərət mexanizminin təkmilləşdirilməsi zəruridir.

İnteqrasiya kursu immiqrantlar üçün dil və siyasi təhsilin əsas təməlini, bütün inteqrasiya prosesinin əsasını təşkil edir. Bu, immiqrantların gündəlik həyatın bütün sahələrində üçüncü şəxslərin köməyi və vasitəçiliyi olmadan müstəqil hərəkət etmələrinə imkan yaradır.