AzEuroNews.com  ► Bir neçə gündür sosial şəbəkələrdə deputat Fəzail Ağamalının olduğu iddia edilən mülklərin siyahısı geniş müzakirə mövzusuna çevrilib. AzEuroNews.com  xəbər verir ki, sosil şəbəkələrdəki paylaşımlarda deputatın Ukraynada, Bakıda və Azərbaycanın digər bölgələrində aşağıdakı mülklərinin olduğu iddia edilir:

1. “BUTA” bağçaları (qızı Günay Ağamalının adına) 

2. Novxanıda villa (öz adına)

3. Novxanıda villa (oğlu Elçinin adına) 

4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil

5. M.Araz küçəsində 2 mənzil

6. Çınqıl zavodu

7. Neftçala rayonunda şadlıq sarayı 

8. “555” nömrəli bahalı avtomobillər 

9. Ukraynada meyvə biznesi

10. Atatürk prospektində villa 

11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər

12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur) 

13. Boru sexləri (oğlu idarə edir)

14. Salyan və Neftçalada yüzlərlə istixana, obyekt və yük maşınları.

Fəzail Ağamalı

Depuatın oğlu Elçin Ağamalı bununla bağlı açıqlama verərək, iddialara aydınlıq gətirib. O bildirib ki, hər bir Azərbaycan vətəndaşı kimi onun və bacısının hansısa bir fəaliyyət növünü seçmək azadlığı var: “Qeyd edilən “Buta” uşaq bağçası, mənə aid olan şadlıq sarayı və qum karxanası uzun illərin zəhməti sayəsində ərsəyə gəlib. Bu uğurların arxasında hallal alın təri dayanır. Mənim sahibkarlıq fəaliyyətim şəffafdır və maliyyə mənbəyini istənilən vaxt göstərə bilərəm. Qarşı tərəf iddia edə bilər ki, atanız deputat olmasaydı, siz bunların heç birinə nail olmayacaqdınız. Həmin şəxslərə səslənirəm, mənim və ya ailə üzvlərimdən hər hansı birinin əldə etdiyi biznes uğurlarının ərsəyə gəlməsində 1 manat da olsa haram və korrupsiya pulunun olduğunu iddia edənlər bunu isbat etməsələr, namussuzdurlar”.

Elçin Ağamalı

E.Ağamalı bildirib ki, M.Əlizadə küçəsində qeyd olunan mənzillər 1988-ci ildə Naxçıvandakı evləri ilə dəyişdirilib və “xruşşovka” deyilən binadır: “M.Araz küçəsində qeyd olunan evlər qardaşıma və mənə məxsusdur və onların alınma tarixi 20 ildən artıqdır. Həqiqətən Novxanıda mənə məxsus bağ evi var. Sual olunur Fəzail Ağamalının övladlarına məxsus evin və bağın ona nə aidiyyatı var? 555 dövlət nömrə nişanlı avtomobillər barədə deyə bilərəm ki, F.Ağamalıya məxsus bu dövlət nişanlı bir avtomobildədir. F. Ağamalıya və onun ailə üzvlərindən hər hansı birinə bu dövlət nömrə nişanı ilə ikinci və daha artıq avtomobili göstərməyən və isbat etməyən şərəfsizdir. Ukraynada meyvə biznesinin olmasını və boru fabrikinin olmasını isbat etməyən də şərəfsizdir. Xətai rayon Məhkəməsinin binası iddia olunur ki, F.Ağamalıya məxsusdur. Həmin bina bu faktı isbat edənə tərəfimdən hədiyyə ediləcək”.

“Salyan və Neftçala ərazilərində yüzlərlə istixana və yük avtomobillərin mövcudluğunu iddia edən şəxslər onlardan heç olmasa birini isbat etməsələr, namussuzdurlar” – deyə E.Ağamalı vurğulayıb.