Əlövsət Əliyev / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  “Vüsal Hüseynovun  öz “Youtube” kanalı vasitəsi ilə çıxışı əhəmiyyətlidir. Birinicisi, bu dövlət qurumunun vətəndaşlara açıq olduğunu göstərir. İkincisi, iki və daha çox ölkənin vətəndaşı olanların Azərbaycana gələn zaman hansı pasportla ölkəyə giriş etməklərindən aslı olmayaraq məsuliyyətə cəlb olunmamalarıdır”. Bunu AzEuroNews.com-a açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun ötən gün şəxsi “Youtube” kanalı vasitəsi ilə “Vətəndaşlığa qəbul, bərpa, xitam, ikili vətəndaşlıq, vətəndaşlıq mənsubiyyəti barədə” çıxışına münasibət bildirərkən söyləyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Ə.Əliyev xidmət rəisinin çıxışına dair iradalarının olduğunu da dilə gətirib: “Əsas problem vətəndaşlıqdan çıxmaq və ya qəbulla bağlı şəxslərin müraciətlərinə baxılma müddətləridir. Məsələn, tandığım adamlar var, bir ildən çoxdur vətəndaşlıqdan çıxmaqla bağlı sənəd veriblər. Onlara indiyə kimi hansısa bir cavab verilməyib. Vüsal Hüseynov bu problemə toxunmalı və münasibət bildirməli idi. Nədən bu müraciətlər illərlə Prezident Aparatında yatmalıdır və bununla bağlı sərəncam olmamalıdır?”.

Vüsal Hüseynov

“Vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı danışan V.Hüseynov bildirdi ki, bu çox vacibdir. Vüsal bəy bildirdi ki, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağılı qaydalar tətbiq edilir. Bununla bağlı qanunvericiliyə də dəyişiklik edilib. Çünki əvvəllər belə qaydalar mövcud deyildi. Əslində nə baş verir? V.Hüseynov deyir ki, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi zamanı aşağıdakı hallar müəyyən edilir. Və sadalayır. Birincisi ondan ibarətdir ki, şəxsin valideynləri və yaxud da valideynlərdindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, bu halda uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Bu qanunda birbaşa yazılır. Bunu qanun tanıyır. Vüsal bəyin rəhbərlik etdiyi idarə tərəfindən ayrıca vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsinə nə ehtiyac var ki?  Və yaxud xaricdə Azərbaycan Respublikası vətəndaşlarından doğulan şəxslər Azərbaycan vətəndaşı hesab olunur. Axı o araşdırma nə üçün aparılmalıdır? Məsələn, səfirliyə gedib deyirəm ki, flankəsləri Azərbaycan vətəndaşlığından çıxarmaq lazımdır və yaxud pasport vermək lazımdır. Konsul mənə deyir ki, əvvəla bu şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətini müəyyən etməliyik. Səbəbini soruşuram, deyir ki, bu vaxta qədər şəxsiyyət vəsiqəsi almayıb. Bəs doğum haqqında şəhadətnamə nədir? Nə üçün valideynləri Azərbaycan Respublikasının vətəndaşı olan və əlində doğum haqqında şəhadətnamə olan şəxsin vətəndaşlıq mənsubiyyəti müəyyən olunmalıdır? Bu vətəndaşlara əzab və işgəncə verməkədən başqa bir şey deyil. İnsanları şəxsiyyət vəsiqəsi almaq hüququndan illərlə məhrum etməkdir. Vüsal bəy də həvəslə danışıb buna bəraət qazandırır. Sonra deyir ki, Azərbaycan Respublikasında doğulan şəxsin valideynləri vətəndaşlığı olmayan şəxsdirsə, onun da vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməlidir. Axı nə üçün vətəndaşlıq mənsubiyyəti müəyyən edilir? Vətəndaşlıq haqqında qanunda deyir ki, Azərbaycan Respublikasında vətəndaşlığı olmayan valideynlərdən doğulan uşaq Azərbaycan vətəndaşı sayılır. Bunu qanun tanıyır, Vüsal Hüseynov, siz niyə qanunun vətəndaş kimi tandığı şəxsin vətəndaşlıq mənsubiyyətini sənədləşdirməyib, prosesi uzadırsız ?” – deyə hüquqşünas söyləyib.