Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com /Köln  ►  Köln kafedralı Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. AzEuroNews.com xəbər verir ki, kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20 mindən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən biridir.

Köln kafedralının inşasına 1248-ci ildə başlanılıb və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılıb. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanıb. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir. İki nəhəng qüllə kilsəyə dünyada ən böyük kilsə fasadlarından birinə malik olmaq imkanı verib. Kilsə xoru bütün orta əsrlər kilsələri arasında böyük ölçülərə (3.6:1) malikdir.

Kölnün orta əsr memarları Üç Kral məbədi relikviyası üçün inşa etdikləri bu nəhəng məbədin həm də Müqəddəs Roma imperiyası imperatorunun ibadət yeri olacağı nəzərə alınıb. Orta əsrlər dövründə yarımçıq qalmasına baxmayaraq, Köln kafedralı, “müstəsna həqiqi dəyərinə görə şah əsər” kimi dəyərləndirilib.