Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com     Almaniyanın Halle şəhərində ötən gün baş verən terror hadisəsindən sonra sineqoq və yəhudi qəbirstanlıqlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda polis əməkdaşları ölkə boyu bütün sineqoq və yəhudi məzarlıqları ətrafında “təhlükəsizlik dairəsi” yaradıb.

AzEuroNews.com xəbər verir ki, sineqoqa silahlı hücum edərək iki nəfəri qətlə yetirən 27 yaşlı Stefan Balliet radikal irqçilər kimi tanınan “Yeni nasist” (Neonazi-almanca) üzvü olub. O, polisdəki ifadəsində cinayətini etiraf edib.

Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinin xəbərinə görə, hazırda ölkədə polis qeydiyyatında olan 24 100 radikal irqçi var. Onlar mütəmadi olaraq əcnəbilərə qarşı tədbir və kütləvi nümayişlər keçirirlər. Əsəs məqsədləri Almaniyada yaşayan əcnəbiləri psixoloji gərginlik altında saxlamaq və çox vaxt xəsarətlər yetirmək olan radikal irqçilər silah da gəzdirir. Almaniyada keçən il 563 cinayətdə iştirakı olan irqçilərdən müxtəlif növdə 92 silah əldə edilib. 2018-ci ildə irqçilər tərəfindən 235-i şiddət kateqoriyasında daxil olan 563 cinayət törədilib. Həmin cinayətlərdə istifadə edilən 91 növdə silah polis tərəfindən ələ keçirilib.

Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Son üç ildə Almaniyada 20 qaçqın yataqxanasına hücum faktı qeydə alınıb. Həmin olaylarda 26 qaçqına müxtəlif silahlar vasitəsi ilə xəsarət yetirilib. Polis tərəfindən irçiqlərindən alınan silahlar arasında tüfəng, tapança və bıçaq kimi müxtəlif kəsici və deşici alətlər olub.

Keçən il 1800 antisemitizm faktı ilə bağlı cinayət işi açılıb. Bu rəqəm 2016-cı ildə 1468 olaraq qeydə alınıb.