Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com


AzEuroNews.com  ►  Almaniyada yenidən ikili vətəndaşlığın qadağan edilməsi məsələsi gündəmə gətirilib. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki, belə bir əkliflə Almaniyanın “Xristian Demokratik İttifaqı” partiyasının lideri Annegret Kramp Karrenbauer çıxış edib. Lakin, hazırkı parlamentdə bu təklifin həyata keçirilməsi üçün şübhələr var. Çünki ikili vətəndaşlığın ləğvinin təşəbbüskarı Bundestaqda çoxluğa malik deyil. Mövcud “CDU-CSU koalisiyası”nın olmasına baxmayaraq, koalisiya üzvləri olan Sosial Demokratların mövqeyi mühafizəkarların fikirləri ilə bu məsələdə fərqlidir. Hazırda Almaniya vətəndaşlığı qan hüququ və naturalizasiya qaydasında əldə olunur. 

Annegret Kramp Karrenbaue
Foto © Krd – Eigenes Werk

Almaniya Federativ Respublikasındakı mövcud qanunvericiliyə görə, Alman vətəndaşından doğulanlar qan hüququ prinsipinə görə, Almaniya vətəndaşlığına malikdirlər. Alman vətəndaşından doğulmayanlar isə, vətəndaşlığı naturalizasiya yolu ilə əldə etməlidirlər. Mübahisə də bu prosedur-naturalizasiya əsasında vətəndaşlıq əldə edən şəxslər ətrafında davam edir. 

Radikal islamçılardan gözlənilən təhlükə riskləri artdığı üçün 27 İyun 2019-cu il tarixində Almaniya Parlamenti ölkə vətəndaşlığını əldə etməklə bağlı qaydaları sərtləşdirmişdi. Bundestaq şəxsin vətəndaşlıqdan məhrum edilməsi üçün tələb olunan əsasların siyahısını daha da genişləndirmişdi. Yalan və ya natamam məlumatlar əsasında verilən vətəndaşlığın ləğv edilməsi üçün tələb olunan 5 illik müddət 10 ilə qədər artırılmışdı. Həmçinin, xarici terrorçu qruplaşmalara qoşulmuş şəxslərin vətəndaçlıqdan məhrum edilməsi qanuniləşmişdi. Vətəndaşlıqdan məhrum etmə yalnız şəxs digər bir ölkənin vətəndaşı olduğu halda tətbiq edilir.

İndi təqdim olunan layihəyə görə, alman vətəndaşlığını qəbul edən şəxs əvvəl vətəndaşı olduğu ölkənin vətəndaşlığından çıxmalıdır. Təşəbbüsün digər siyasi partiyalar və hərəkatlar tərəfindən dəstəklənib – dəstəklənməyəcəyi hələ məlum deyil. Lakin sağçı partiyalar da Almaniya vətəndaşlarının başqa ölkənin vətəndaşlığına mənsubiyyət məsələsinin məhdudlaşdırılmasının tərəfdarıdırlar. 

Almaniyada yaşayan xeyli sayda Azərbaycan vətəndaşı da ikili vətəndaşlığa və ya bu imkana malikdir.