AzEuroNews.com / Frankfurt  ► Almaniyanın Frankfurt şəhərində davam edən kitab yarmarkasında həbsdə olan jurnalistlər üçün etiraz aksiyası keçirilib. AzEuroNews.com  xəbər verir ki, ingiliscə, almanca hazırlanan plakatlarla kitab yarmarkasının keçirildiyi məkanın önünə gələn hazırda Almaniyada mühacirət həyatı yaşayan türkiyəli jurnalistlər həmkarlarının dərhal azad olunmasını tələb ediblər. 

Hazırda Türkiyədə 228 jurnalistin həbsdə olduğunu deyən aksiya iştirakçıları “Qəzetçilik cinayət deyil” şüarı səsləndiriblər. 

Aksiyada çıxış edənlər bildiriblər ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra cəmiyyətə doğru informasiya verməyə çalışan jurnalistlər şərlənərək həbs olunublar. 

Həbs göstərişinin birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldiyini söyləyən jurnalistlər dünya ictimaiyyətindən bu məsələni diqqətdə saxlamalarını xahiş ediblər. 

Aksiyada qeyd olunub ki, hazırda Türkiyədə söz və mətbuat azadlığı olmadığından, jurnalistlər həbs təhlükəsi ilə üzləşdiklərindən Alamniya kimi Avropa ölkələrinə mühacirət etmək məcburiyyətində qalıblar.