Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com /Bonn  ► Almaniyada səhər saatlarında başlayan fermerlərin etiraz yürüşü hələ də davam edir. AzEuroNews.com xəbər verir ki, Aşağı Saksoniya əyalətində bu səhər minlərlə fermerin başlatdığı aksiya Bonn şəhərində davam edib.

Fermerlər Bonnda da traktorları ilə etiraz yürüşü keçiriblər. Nəticədə Almaniyanın digər şəhərləri kimi Bonnda da nəqliyyatın hərəkəti iflic olub. 

On minlərlə sərnişin yollarda qalıb, marşurut avtobusları, tramvay və metro kimi ictimai nəqliyyat vasitələrinin hərəkəti dayanıb. 

Fermerlər AzEuroNews.com-a bildiriblər ki, tələbləri Cənubi Amerika ölkələrindən meyvə və tərəvəzlərin gətirilməsinin dayandırılması, bitki zəhəri olan qlifosata qoyulan qadağanın götürülməsidir. Onların sözlərinə görə, zərərvericilərə qarşı lazımı addım ata bilmədiklərindən, məhsulları zay olur. 

Fermerlərin aksiyası ilə bağlı polis gücləndirilmiş rejimdə çalışıb. Onların təhlükəsiz bir şəkildə etiraz aksiyalarını keçirməsi üçün şərait yaradıb.