Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com    Almaniya Mərkəzi Bankı (Bundesbank) tərəfindən pensiya yaşının 67-dən 69-a çıxarılması təklifi edilib. AzEuroNews.com  xəbər verir ki, bank bunu demoqrafik dəyişimlə əlaqələndirib. Bankdan verilən açıqlamada qeyd olunub ki, bu gedişlə Almaniya 2020-ci ildən pensiya ödəmələrində çətinlik çəkə bilər. 

Bundesbank 2070-ci ilə qədər pensiya yaşının 67-dən 69 il 4 aya çıxarılmasını təklif edib. Belə olan halda 2001-ci ildə doğulan şəxs 2070-ci ilin may ayında pensiyaya çıxa biləcək. 

Bundesbankın pensiya yaşı ilə bağlı təklifi birmənalı qarşılanmayıb. Almaniya Həmkarlar İttifaqı pensiya yaşının hətta 67 olmasına belə etiraz etdiklərini vurğulayıb. İttifaqdan bildirilib ki, bu işsizlik və psixoloji problemlərin yaranmasına səbəb ola bilər. 

Məlumat üçün qeyd edək ki, Almaniyada pensiya yaşı sonuncu dəfə 2012-ci ildə 65 yaşdan 67-ə yüksəldilib.