Foto © AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Almaniyadan deportasiyaların sayı 2018-ci ilin səviyyəsinə yaxınlaşır. Sığınacaq axtaranların əksəriyyəti, Avropa Birliyi (AB) ərazisinə İtaliyadan daxil olduğu üçün oraya qaytarılır. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2019-cu ilin ilk doqquz ayında 16 808 sığınacaq axtaran şəxs artıq Almaniyadan deportasiya edilib.
AB-də qüvvədə olan “Dublin sazişi”nə əsasən gəldiyi ölkəyə məcburi qaytarılanlar deportasiyanın böyük bir hissəsini təşkil edir. Dublin sazişi tələb edir ki, qaçqınlar Avropa torpağına ilk dəfə daxil olduqları AB və ya viza aldığları ölkəyə sığınacaq üçün müraciət etsinlər. Buna görə insanların çoxu ilk gəldikləri ölkə kimi İtaliyaya qaytarılırlar. Belə ki, Almaniyadan İtaliyaya 1894 nəfər, Albaniyaya 1178 nəfər, Fransaya 906 nəfər qaytarılıb.
Məlumata görə, miqrantların 55,6 %-i Almaniyadan təyyarələrlə ( o cümlədən üçdə biri çarter reysləri ilə), qalan digərləri isə quru və ya dənizlə göndəriliblər. Federal hökumət sentyabr ayına qədər deportasiya olunanlara altı milyon avro xərcləyib. 
İlin sonuna Almaniyadan ümumilikdə 22411 nəfərin deportasiya ediləcəyi gözlənilir. 2018-ci ildə bu rəqəm 23 617 olub. 


Seehofer təzyiqi artırmaq istəyir

Almaniya federal daxili işlər naziri Horst Seehofer (CSU), ölkəni tərk etməli olan daha çox əcnəbinin deportasiya edilməsi üçün deportasiyalara cavabdeh olan federal dövlətlərə təzyiqləri artıracağını açıqlayıb. Bundestaqda sonucu çıxışında Seehofer deyib ki, barəsində rədd qərarı və deport qərarı çıxarılanların ölkədə qalması Almaniya Federativ Respublikasındakı zəif bir nöqtədir, həmin şəxslərlə əslində bu vaxta kimi ayrılmaq lazım idi.

Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU


Deportasiyalara cavabdeh olan federal ştatlarda hələ də çatışmazlıqlar var. Buna görə də nazirlik dekabr ayına qədər, hər ölkəyə neçə adamın ölkəni tərk etdiyini və deportasiya üçün əngəllərin səbəbləri haqqında hesabat təqdim etməyi planlaşdırır.