Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Offenbax  ► Almaniyada katolik kilsəsinə aid bir məktəbdə məscid açılıb. AzEuroNews.com  xəbər verir ki, Offenbax şəhərindəki katolik kilsəsinin Marien adlı qızlar liseyində müsəlman şagirdlər üçün məscid istifadəyə verilib. 

Şəhər katolik kilsəsinin verdiyi qərar ilə bu addımı atan lisey rəhbərliyi qısa zamanda məscidin inşasına başlayıb. Ötən gün lisey daxilində inşa olunan məscidin təntənəli açılış mərasimi keçirilib. 

Kilsə və şəhər bələdiyyə rəhbərliyinin qatıldığı açılış mərasimində çıxış edənlər vurğulayıb ki, liseydə məscidin inşası müsəlman qız şagirdlərin sayının çoxalması və onların ibadətləri üçün lazımı şəraitin olmaması zərurətindən yaranıb.

Məscidin açlışından sonra Türkiyə Diyanət və Türk İslam Birliyi (DİTİB) imamı tərəfindən axşam namazı qılınıb. 

Məlumat üçün qeyd edək ki, katolik kilsəsinə aid Marien qız liseyində 5-ci və 9-cu siniflərdə ümumilikdə 52 müsəlman qız şagird təhsil alır.