Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com / Berlin ► Almaniyanın federal daxili işlər naziri Horst Seehofer Avropa İttifaqı Daxili İşlər Nazirlərinin iclasında həmkarlarını Avropa sığınacaq sistemində islahatlar aparmağa çağırıb. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki, Avropanın digər daxili işlər nazirləri Seehoferin sığınacaq axtaran şəxslərlə bağlı təklif etdiyi islahata tərəfdar olduqlarını bildiriblər. Onlar da sığınacaqla bağlı ilkin müraciətə AB sərhədlərində baxılmasını və uyğun olmayan şəxslərin dərhal deportasiya edilməsini ağlabatan hesab ediblər.

Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU

Federal Daxili İşlər naziri Horst Seehofer sığınacaq müraciətləri zamanı əsası olmayan şəxslərin ilkin araşdırılmadan dərhal sonra qaytarılmasının zəruliyini bildirib. 

Daha sonra Seehofer bildirib ki, bu layihə işçi qrup tərəfindən təkmilləşdirilməli və AB ölkələrinə razılaşma üçün təqdim olunmalıdır. Daxili İşlər Naziri bildirib ki, Avropanın xarici sərhəddindəki ilkin araşdırma mənfi olarsa, şəxsin geri dönüşü AB sərhəd agentliyi tərəfindən icra olunmalıdır. 

Nazir islahatların sürətli həyata keşirilməsinin tərərfdarı olduğunu bildirib. Həmçinin dəyişikliklə bağlı qanun layihələrinin 2020-ci ilin ikinci yarısına qədər hazır olmasının zəruriliyini də qeyd edib. O, eyni zamanda “Dublin prosedurunun uğursuz olduğunu söyləməliyik”,- deməklə bu sahədə problemlərin olduğunu diqqətə çatdırıb.