ABŞ-da veypinq ilə (elektron siqaret çəkməklə) əlaqədar yaranan ağciyər xəstəliklərindən ölənlərin sayı 37-yə çatıb. Belə xəstəliklərdən əziyyət çəkənlərin sayı 1800 nəfəri ötüb.

AzEuroNews.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi məlumat yayıb.

Elektron siqaret çəkməklə əlaqədar ağciyər xəstəliyindən ilk ölüm halı avqust ayının sonunda İllinoys ştatında qeydə alınıb. O zaman bu hadisənin ABŞ-da ümumiyyətlə ilk dəfə olub-olmaması dəqiqləşdirilməyib, lakin KİV bu halı istisna etməyib.

ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin əvvəlki məlumatında 34 nəfərin öldüyü və 1600 nəfərin əziyyət çəkdiyi bildirilib. Son məlumata görə, oktyabrın 29-da ABŞ-ın 49 ştatında (Alyaska istisna olmaqla) elektron siqaret çəkməklə əlaqədar ağciyər xəstəliyindən əziyyət çəkənlərin sayı 1888 nəfərə çatıb. Ölkənin 24 ştatından və Kolumbiya dairəsindən ümumilikdə 37 nəfərin öldüyü təsdiqlənib.

Xəstəliyin səbəbi indiyədək müəyyənləşdirilməyib. Lakin qeyd edilir ki, bütün xəstələr ya elektron siqaretdən, ya da veypinqdən istifadə ediblər. Ötən həftə xəstəliyin müxtəlif rayonlarda fərqli səbəblərdən yaranma ehtimalı irəli sürülüb.